Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Oğuz rayonu ərazisində 2 saylı meşə dolayında avqustun 24-də baş verən yanğın genişlənməsinə imkan verilmədən dünən axşam saatlarında söndürülüb.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 0.3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Relyefin mürəkkəbliyinə, havanın yüksək temperaturuna baxmayaraq, həyata keçirilən operativ tədbirlər sayəsində sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.
09.51
Oğuz rayonunda dağlıq ərazilərdə baş verən yanğın söndürülüb.
"Report"un əldə etdiyi məlumata görə, yanğın avqustun 24-də rayonun Muxas və Baş Daşağıl kəndlərindəki yüksək dağlıq ərazilərdə qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.
Gecə saatlarında yanğın söndürülüb.