Sərhədi pozmağa cəhd edən dörd nəfər saxlanılıb. Onlardan biri məsuliyyətdən yayınmaq üçün İrana qaçmaq istəyirmiş.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Avqust ayının 22-də saat 06:30-da “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 3 (üç) nəfər naməlum şəxsin Azərbaycandan Rusiyaya doğru hərəkət etməsi və özlərini şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd pozucusu qismində saxlanılıblar. Araşdırma zamanı onların Azərbaycan vətəndaşı, Ağdaş rayon sakinləri - 1986-cı il təvəllüdlü Həsənov Elşad Elxan oğlu, 1986-cı il təvəllüdlü Cahangirov Əkbər Vüqar oğlu və 1987-ci il təvəllüdlü İsayev Xəyyam İntiqam oğlu olması müəyyənləşdirilib.
Avqust ayının 22-də saat 15:00-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində yerləşən meşə massivində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd edərkən 1 (bir) nəfər Azərbaycan vətəndaşı, Goranboy rayon sakini, 1993-cü il təvəllüdlü Əliyev Elvin Əvəz oğlu sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı E.Əliyevin əvvəllər də dəfələrlə məhkum edildiyi və bir necə gün öncə Bakı şəhərində törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə qaçaqmalçılıq yolu ilə İrana keçməyə cəhd etməsi müəyyənləşdirilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.