Bakıda 23 yaşlı Vətən Müharibəsi iştirakçısı itkin düşüb.
Qaziler.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat verib. Bildiriblər ki, Neftçala rayonunun Xəzər kəndində daimi qeydiyyatda olan Bədəlov Cavid Rafiq oğlu Xırdalanda kirayədə yaşadığı evdən təxminən 10 gündür çıxıb və geri qayıtmayıb.
Atası Rafiq Bədəlovun sözlərinə görə, oğlu evdən çıxarkən özü ilə heç bir sənəd götürməyib: “Ayın 21-i qayınanası mənə zəng etdi ki, Cavid qayıtmayıb. Elə həmin gün polisə müraciət etmişik, axtarış gedir. Evdən çıxarkən əynində ağ, üstü qara xətli köynək və qara şalvar olub. Ailəlidir. 9 aydır ki, Xırdalanda yoldaşı, qayınanası və qaynı ilə birgə yaşayırdı. Evində arada xırda söz-söhbətlər olub. Müraciət etmədiyim yer qalmayıb. Ancaq tapılmır.”
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, fakt nəzarətə götürülüb:
“Cavid Bədəlovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir. Ailəsinin 21 iyulda polisə müraciəti əsasında ərizəsi qəbul olunub və tapılması üçün zəruri tədbirlər görülür”.