Prokuror bloqeri qətlə yetirən şəxsə 10 il 6 ay cəza istədi

Prokuror bloqeri qətlə yetirən şəxsə 10 il 6 ay cəza istədi backend

Bakı Ağır Cinayətlər Məhkəməsində bloqer Əvəz Şıxməmmədovu (Hafizli) qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevon cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə zərərçəkmişin hüquqi varisi, Əvəz Şıxməmmədovun qardaşı Təbriz Şəxməmmədov bildirib ki, qətli törədən Əmrulla Güləliyev onun ailə üzvüdür və zərərçəkmişin hüquqi varisi kimi onu bağışlayır.

T.Şıxməmmədov anasının da şikayətçi olmaması barədə məhkəməyə arayış təqdim edib.

Prosesdə ekspertiza rəyləri açıqlanıb. Bildirilib ki, Əvəz Hafizli boyun nahiyəsindən aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Prosesdə məhkəmə istintaqı tamamlanıb.

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsə 10 il 6 ay həbs cəzası istəyib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışında bildirib ki, bu, təqsirləndirilən şəxsin ilk cinayətidir.

"O, cinayəti törətməkdə peşman olduğunu da etiraf edir. Zərərçəkmişin hüquqi varisi də bildirdi ki, onlar bir ailənin üzvü olublar. Hesab edirəm ki, Əmrulla Güləliyevin cinayəti etiraf etməsi, peşman olması və zərərçəkmiş tərəfin onu bağışlaması yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Əmrulla Güləliyev cəmiyyət üçün yararlı insandır, heç bir psixi pozğunluğu yoxdur. Ona görə də belə bir insanı uzun müddətə cəmiyyətdən təcrid etməyə zərurət yoxdur. Dövlət ittihamçısının təklif etdiyi cəza ağırdır. Ona verilən cəza ədalətli olmalıdır, yüngülləşdirici hallar nəzərə alınmalıdır, ona qismən yüngül cəza verilə bilər", - vəkil deyib.

 

Prosesdə təqsirləndirilən şəxs son söz üçün vaxt istəyib.

Proses iyulun 29-da davam etdiriləcək.

İttihama görə, qətl hadisəsi bu il fevralın 22-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.
24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.

Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Əmrulla Güləliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Əvəz (Hafizli) Şıxməmmədov bloger kimi fəaliyyət göstərib.

Diaspora