Şəkinin Yeni Çələbixan qəsəbəsində son iki gün ərzində 200-dən yuxarı sakin həkimə müraciət edib.
Bu barədə APA-nın şimal-qərb bürosuna Şəkinin Yeni Çələbixan qəsəbəsi həkimi Xatirə Əhmədova məlumat verib.
Həkimin sözlərinə görə, ötən gündən başlayaraq bu saata qədər qəsəbənin 200-dən yuxarı sakini qusma, mədə sancıları və ishal əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına və Yeni Çələbixan qəsəbəsində fəaliyyət göstərən Laçın Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki tibb məntəqəsinə müraciət ediblər.
“Müraciət edənlərin çox hissəsi uşaqlar və yeniyetmələrdi. Onların arasında ağırlaşma halları yoxdur. Müraciət edənlərə lazımi yardım göstərildikdən sonra evə buraxılıblar”, - o deyib.
11:51
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 58-dən çox vətəndaşın sudan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, qəsəbə sakinləri Şəki şəhər abonentləri ilə eyni mənbədən su alırlar:
“Artıq qurumun baş texnoloqu məlumatlandırılıb. Bizim regional laboratoriya əməkdaşları tərəfindən sudan nümunə götürülüb, məsələ araşdırılacaq”.
10:25
Daxili İşlər Nazirliyi Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 58-dən çox vətəndaşın xəstəxanaya müraciət etməsinə açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, sudan müvafiq nümunələr götürülüb və ekspertiza təyin edilib:
“Hazırda faktla bağlı araşdırma aparılır”.
10:02
Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 50-dən çox vətəndaş xəstəxanaya müraciət edib.
Oxu.Az-ın məlumatına görə, 58 nəfər qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxana gətirilib. Onlara köməklik göstərilib və evə buraxılıblar.
Vətəndaşların içməli sudan zəhərləndiyi ehtimal edilir.
Qeyd edək ki, müraciət edənlərdən 40 nəfəri yetkinlik yaşına çatmayanlardır.
Faktla bağlı araşdırma aparılır.