Bakıda baş verən yol qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə 4 nəfər yerləşdirilib.
Bu barədə Trend-ə açıqlamasında Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib.
"Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınan avtomobil qəza nəticəsində xəsarət alab 4 nəfər təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, bir nəfər isə qarnının küt travması və bədənin ümumi əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hal-hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti stabil qiymətləndirilir", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakının Nəsimi rayonunda yol qəzası baş verib. Hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb. “Mercedes-Benz” markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub və Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi “Fiat” markalı avtomobilə çırpılıb.