Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib. O bildirib ki, həyat yoldaşı ona xəyanət edib: "Sentyabrın 27-də Ləman evdən getdi. Mən boşaqnmaq üçün məhkəməyə müraciət etdim. Noyabr ayında məlum oldu ki, o, qonşu oğlanın qohumugildə qalır. Xahiş elədim ki, uşaqlara görə gəl bir yerdə yaşayaq. Razılaşmadı. Həm də narkotikdən istifadə edirdi. Mən boşanmaq istəyəndə Ləman və həmin qonşu oğlan mənə suyun içində narkotik verdilər ki, məni tutdursunlar. Mən də Mehribangilin evindən götürdüyüm bıçaqla ona neçə zərbə vurmuşam, xəbərim olmayıb. Əsas fikrim onu tez öldürmək olub. Başqa heç nə".
Zərərçəkmiş şəxsin atası Babək İsmayılov bildirib ki, Şəhriyar ona bildirib ki, qızın itib.
"Yalvardım ki, qızımın yerini de, and içdi ki, bilmirəm. Mənim nəslimdə narkoman olmayıb. Mənim qızım narkoman olubsa, sən eləmisən. Bu günə qədər uşaqları da görə bilmirəm. Mənə uşaqları göstərmirlər. Məhkəmədən xahiş edirəm, mənim qızım ölübsə, ona da ən ağır cəza verilsin", - B.İsmayılov deyib.
Proses aprelin 20-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonunda qeydə alınıb. Pirşağı qəsəbəsində 32 yaşlı Ş.Ələsgərov həyat yoldaşı, 24 yaşlı Ləman Ələsgərovanı şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı Ş.Ələsgərov haqqında Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb