Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı Ruslan Musayev artıq 25 gündür ailəsi ilə birlikdə itkin düşüb.
Bu barədə “Report”a R.Musayevin qohumu Sabina Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, Ruslan Musayevlə sonuncu dəfə martin 1-də əlaqə saxlayıblar. “Ruslan və ailəsi ilə sonuncu dəfə martin 1-də telefonla danışmışıq. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumatımız yoxdur. Ruslan Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətləri ilə dəfələrlə fərqlənib və mükafatlar alıb”.
S.Abdullayeva qeyd edib ki, R.Musayevin atası da Ukrayna polisində çalışıb və hazırda təqaüddədir: “Ruslanın atası Xudat Musayev Berdyansk şəhərindədir. Eyni zamanda Ruslanın bacısı Kristina da hazırda polisdə çalışır. Bir neçə həftə idi ki, Kristina ilə də əlaqəmiz itmişdi. Lakin martın 24-dən onunla əlaqə saxlaya bilirik. Amma təəssüf ki, Ruslan və ailəsi barədə məlumatsızıq. Buna görə də çox nigaranıq”.