2020-ci ilin 11 mart tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində Daryurd kənd sakini, 1996-ci il il təvəllüdlü Qəşəng Ramazan qızı Həsənovanın öldürülməsi hadisəsinin təfərrüatı məlum olub.
Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində qətlin Novosaratovka kənd sakini, 1972-ci il təvəllüdlü Anar Qiyas oğlu Məmmədov tərəfindən törədilməsi üzə çıxıb. Hadisədən sonra Anar Məmmədov piyada dağları aşaraq dövlət sərhədini keçməklə Ermənistan ərazisinə daxil olub və orada erməni hərbçiləri tərəfindən əsir götürülüb.
Ermənistanın Göyçə vilayətində əsir götürülən A.Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 28 yanvar 2021-ci il tarixdə Rusiya sülhməramlıları tərəfindən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilib.
Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi açılıb.
Qeyd edək ki, qətlə yetirilən 1996-cı il təvəllüdlü Q.Həsənova və hadisəni törədən A.Məmmədov daha əvvəl evli olublar. Q.Həsənova yüngül həyat tərzi keçirib və anasının Daryurd kəndindəki evini tərk edərək A.Məmmədovla Novosaratovkada yaşamağa başlayıb. O, bəzi hallarda tanış olduğu şəxsləri Anarın evinə gətirib. Qətl hadisəsinin baş verdiyi tarixdən bir gün əvvəl isə Anar Qəşənglə birlikdə ikincinin anasına məxsus Daryurddakı evdə olub. Bu zaman qonşuluqda yaşayan şəxs həmin evə ayaqqabı ilə daxil olub. Anar həmin şəxsin yaşlı qadının evinə ayaqqabı ilə daxil olmasına irad bildirib. Bundan bir gün sonra isə Novosaratovkadakı evdə Qəşəng Anara ötən gün baş vermiş mübahisəni irad tutaraq, onu söyüb. Qəşəngin onu söyüb təpiklə vurmasından sonra Anar onu döyüb, başını evdəki sərt əşyalara çırpıb. Qadının öldüyünü gördükdən sonra o, Ermənistan sərhədinə doğru gedib və postlardan yayınaraq qarşı tərəfə keçib. Orada isə erməni hərbçiləri Anar Məmmədovu əsir götürüblər.
Anar Məmmədovun Ermənistana keçməsi dəqiqləşdikdən sonra Azərbaycan onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib.