Yaxınları hər iki şəxsin qətlində erməniləri ittiham edir Ukrayna ərazisində daha iki azərbaycanlı iş adamının qətlə yetirildiyi bəlli olub. Öldürülən azərbaycanlılardan biri 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Rahil Mehdiyevdir. Bu barədə APA-ya onun atası Əbdürrəhman Mehdiyev məlumat verib. O, ailəsi ilə birlikdə Ukraynanın Xerson vilayətində yaşamış oğlunun ötən həftə hazırda Rusiyanın nəzarətində olan Krımın Yalta şəhərində qətlə yetirildiyini bildirib. Ata oğlunu ermənilərin öldürdüyünü söyləyib.
Oğlunun Xersondan Krıma artıq bir neçə ildir ticarət məqsədilə getdiyini deyən Ə. Mehdiyev hadisənin təfərrüatını danışıb: “Yaltada onun ticarət obyekti vardı. Yaxınlıqda daha bir azərbaycanlının da ticarət obyekti olub. Onların qonşuluğunda isə ermənilərə məxsus obyektlər var imiş. Həmin gün iki erməni oğlumun qonşuluğundakı azərbaycanlı gəncə sataşıblar. Oğlum dərhal buna etiraz edib. Ermənilər gözlənilmədən oğluma hücum ediblər. Bu zaman daha bir neçə erməni onlara köməyə gəlib və oğlumu təkləyiblər. Onun boynunun arxasına çoxsaylı bıçaq zərbələri endiriblər və oğlum yerindəcə keçinib. Yalta şəhər Polis İdarəsinin işi aparan müstəntiqi mənə dedi ki, oğlum ona hücum edən iki ermənini tərksilah edərək əllərindəki bıçağı alıb, onu vuranlar isə sonradan köməyə gələnlər olub”.Ə. Mehdiyevin sözlərinə görə, milis ermənilərdən ikisini dərhal saxlasa da, sonradan azad edib: “Səbəbini mənə izah etmədilər, ona görə də mən Krımın baş prokuroruna və daxili işlər nazirinə müraciət etmişəm, qəbullarında olacağam".
Digər azərbaycanlı - əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlu isə Xersonda qətlə yetirilib.(Xatırladaq ki, eyni şəhərdə daha bir azərbaycanlı - İlham Tağıyev də öldürülüb). V. Nuruşovun qardaşı İlqar Nuruşov APA-ya açıqlamasında qardaşının şəhərdəki bazarın erməni sahibi, keçmiş milis generalı Luqasyanın dəstəsi tərəfindən öldürüldüyünü bildirib: “Mənim qardaşımın obyektləri o bazara yaxındır. Əvvəldən qardaşımın patriotik mövqeyi həmin bazarı idarə edən Luqasyanın qohumlarının xoşuna gəlmirdi. Bir neçə dəfə qardaşımı təhdid də etmişdilər. Bazarın inzibatçılarından birinin telefonu ilə qardaşımı görüşə çağırıb, onu qorxutmaq istəyiblər. Sonradan milis tərəfindən saxlanılan şahidlərdən biri etiraf etdi ki, həmin vaxt qardaşım bunun səbəbi ilə maraqlanmaq istəyəndə üstünə tökülüb, onu döyərək əvvəlcə onurğa sütununu sındırıblar, sonra da boğazını kəsərək öldürüblər. Onlar bunu Luqasyanın sifarişi ilə etdiklərini etiraf ediblər. Luqasyan burada çox tanınmış adamdır və digər biznesmen qardaşı ilə birgə azərbaycanlılara, türklərə nifrəti ilə seçilir”.
İ. Nuruşov qeyd edib ki, istintaq məhz erməni generala və onun respublika Daxili İşlər Nazirliyindəki əlaqələrinə görə işin açılmasını ləngidir: “Biz ölkə rəhbərliyinə, Baş Prokurorluğa azərbaycanlılar adından müraciət hazırlayırıq”.
Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əlimardan Kərimov isə APA-ya bildirib ki, qətllərlə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi ilə birlikdə yerli hüquq-mühafizə orqanlarına ciddi etirazlarını bildiriblər: “Xüsusilə Xersondakı cinayətin ört-basdır edilməsinə görə rəsmi qurumlara iradlarımızı çatdırmışıq, lazım gəlsə, kütləvi etiraza da qalxacağıq”.