Prokurorluq Qusarda 5 nəfərin dəm qazından boğularaq ölməsi barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.
***
16.53
Qusarda dəm qazından boğularaq ölən ailə üzvlərinin adları açıqlanıb.
APA-nın şimal bürosunun verdiyi xəbərə görə, hadisə Qusar şəhərinin Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli yaşayış binasının mənzilində qeydə alınıb.
Dəm qazından boğularaq ölənlərin Qusar şəhər sakinləri - 1987-ci il təvəllüdlü Şıxov Rusiz Şıxəli oğlu, 1993-cü il təvəllüdlü Şıxova Əminə Məhsim qızı və onların övladları 2012-ci il təvəllüdlü Osman, 2017-ci il təvəllüdlü İmarə, 2013-cü il təvəllüdlü Sumeya olduğu bildirilib.
Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.
***
16.24
Qusar rayonunda bir evdən beş nəfərin meyiti tapılıb.
Qaziler.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə oraqlanlarının əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə, onlar dəm qazından boğularaq ölüb.