Ekoloji fəlakətlə üz-üzə qalan Urmiya gölünün ətraf ərazilərində yerin səthi çöküb, sürüşmələr baş verir.
Axar.az xəbər verir ki, bununla bağlı İranın Yol və Şəhərsalma Nazirliyinin Tədqiqat Mərkəzinin Seysmik mühəndislik və risk şöbəsinin müdiri Əli Beytullahi açıqlama verib.
Onun sözlərinə görə, Urmiya gölünün şərq sahillərində, Dizəc Xəlillə Şərəfxanə limanı arasındakı ərazidə çatlar və çökmə boşluqları qeydə alınıb:
“Çökmə və torpaq sürüşmələri Qərbi Azərbaycan vilayətində qrunt sularının 70% azalmasından sonra müşahidə olunub. Urmiya gölünün suyunun səviyyəsinin azalmasından sonra gölün şərq sahillərində çökmə meydana gəlib”.