Kapitan Arman Xaçatryan iki hərbi postun komandiri olarkən Ermənistan Silahlı Qüvvələrinin döyüş nizamnamələrini pozduğuna görə həbs edilib.
Qaziler.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu haqda Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.
Dekabrın 29-da daha 4 hərbçi ilə birlikdə Azərbaycanın əsirlikdən azad etdiyi Xaçatryanın saxlanması ötən gün məlum olub. Xaçatryan Ermənistan Cinayət Məcəlləsinin 365-ci (Döyüş vəzifəsini və ya hərbi xidmət keçmə qaydalarını pozma) maddəsi ilə saxlanılıb.
İK-nın açıqlamasında deyilir ki, onun əməlləri ağır nəticələrə gətirib çıxarıb - postlar Azərbaycan tərəfinin nəzarətinə keçib, oradakı hərbçilər mühasirəyə alınaraq əsir götürülüb. Onlardan ikisinin - Qurgen Sarkisyan və David Amiryanın meyiti noyabrın 17 və 20-də Ermənistan tərəfinə təhvil verilib, 10 əsir sonradan qaytarılıb, daha 2 əsgər isə Azərbaycanda əsirlikdə qalır.
Xatırladaq ki, noyabrın 16-da Ermənistan hərbi bölmələri şərq istiqamətində Sünikdə Tsitsernakar dağında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutaraq növbəti dəfə təxribat törədib. Döyüşlər artilleriya, zirehli texnika və atıcı silahların tətbiqi ilə gedib. Noyabrın 16-da axşam saatlarında Rusiya tərəfinin vasitəçiliyi ilə qarşıdurmaya son qoyulub.