Ərini qətlə yetirməkdə təqsirləndirilən Sevda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Məhkəmə Sevda Babayeva barəsində verilən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsini CM-in 123-cü (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsinə tövsif edib.
S. Babayevaya bu maddə ilə 1 il 6 ay həbs cəzası verilib. Azərbaycanda Zəfər Günü ilə bağlı qəbul edilən Amnistiya Aktı şamil olunmaqla o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, bu il aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. (Apa)