Atasını öldürdükdən sonra yandıran Gəncə sakini tutulub - TƏFƏRRÜAT

Atasını öldürdükdən sonra yandıran Gəncə sakini tutulub -  TƏFƏRRÜAT backend

Gəncədə oğulun atasını qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.

APA-nın hadisə yerində olan müxbirinin əldə etdiyi məlumata görə, qətl evin satılması ilə bağlı yaranmış mübahisə zəminində törədilib.

Mərhumum qohumlarının bildirdiyinə görə, ata ilə oğul arasında evin satılması üstündə mübahisə düşüb. Evdə onların arasında yaranan mübahisə zamanı oğul atasını boğaraq öldürüb. Sonra isə polisə onun guya itməsi barədə yalan məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-dan axtarılan Azad Məmmədovun cəsədi yaşadığı evin həyətində yanmış və parçalanmış halda aşkarlanıb. Oğlu, 25 yaşlı Məhəmməd Məmmədov tərəfindən öldürülən A.Məmmədovun cəsədinin tapılmasında polislə yanaşı qohumlar da iştirak edib. Meyitin tapılmış hissəsi üzərində ayaqlar və bir qol olmayıb. Ehtimal olunur ki, bu hissələr oğlu tərəfindən cəsəddən ayrılıb və zibilliyə atılıb.

Baş vermiş hadisə ilə bağlı mərhumun oğlu və yanaşı həyat yoldaşı da istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb.

 

***

09.59

Prokurorluq Gəncədə oğulun atasını qətlə yetirməsi faktı ilə bağlı məlumat yayıb.

Gəncə şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, bu il dekabrın 10-da Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə şəhəri Nizami rayon polis idarəsinə daxil olmuş müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla müəyyən edilib ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə boğub öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

***

09:52

Gəncədə oğul atasını qətlə yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, dekabrın 10-da Gəncə şəhər sakini Məmmədov Məhəmməd polisə müraciət edərək atası, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşməsi ilə bağlı məlumat verib.

O, atasının ruhi-əsəb xəstəsi olduğunu bildirib.

Gəncə Şəhər Baş Polis İdarəsi və Nizami RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxsin yaşadığı evin həyətində basdırılmış meyiti tapılıb.

Davam etdirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Azad Məmmədov elə öz oğlu, 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tərəfindən qətlə yetirilərək basdılırıb.

M. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Diaspora