14 yaşlı şagird özünü məktəbin 3-cü mərtəbəsindən niyə atıb? - TƏFƏRRÜAT

14 yaşlı şagird özünü məktəbin 3-cü mərtəbəsindən niyə atıb? -  TƏFƏRRÜAT backend

Qusar rayon Yuxarı Zeyxur kənd tam orta məktəbinin 8-ci sinif şagirdinin intihara cəhdinin bəzi detalları məlum olub.

Məktəbin direktoru Hikmət Ağacanov Ölkə.Az-a açıqlamasında 14 yaşlı qızın idman dərsi zamanı intihara cəhd etdiyini söyləyib:

“Həmin şagird L.O (şərti addır) əvvəllər rayonda başqa bir məktəbdə oxuyub, bizim məktəbə bu ilin sentyabrında gəlib. Hadisə baş verən gün onların sinfində idman dərsi olub. Bütün sinif dərs üçün zala gedib. Dərsin bitməsinə 10 dəqiqə qalmış L.O müəllimdən su içmək üçün icazə istəyib. Müəllim razılaşmasa da, qız bir neçə dəfə icazə istəyib. Sonda icazə alan şagird 3-cü mərtəbədə öz siniflərinə qalxıb. Həmin vaxtı sinif tamamilə boş olub. Həmin sinfin pəncərəsi müəllimlər otağından görünür. Təşkilatçı müavin həmin şagirdi pəncərənin kandarında oturaraq ayaqları sallanmış vəziyyətdə görüb və L.O-ya içəri keçməsini deyib. Təşkilatçı 3-cü mərtəbəyə qalxana qədər qız özünü aşağı atıb”.

Direktorun sözlərinə görə, yeniyetmənin ailəsində problemlər olub: “Qız valideynləri ilə birgə başqa kənddə yaşayır. O bizim məktəbə sonradan bir neçə sinif yoldaşı ilə birgə gəlib. Maraqlandım, sinif yoldaşları deyib ki, L.O-nun ailəvi problemləri olub. Deyilənə görə valideynləri bir neçə dəfə ayrılıb barışıblar. Azyaşlı onun problemlərini heç kimin həll edə bilməyəcəyini deyib”.

H.Ağacanov 8-ci sinif şagirdinin internetdə “mavi balina” oyunu oynadığını söyləyib: “Sinif yoldaşları deyir ki, L.O internetdə “mavi balina” adlı oyun oynayırmış. Qız oyunu oynadıqdan sonra rəfiqələrinə özlərini öldürməyi istəyib-istəmədiklərini soruşub, onlara “mən öləndə güləcəksiniz” deyib.

Həmin şagirdə bizim məktəbdə güldən ağır söz deyən olmayıb. Mənim bildiyim, rəfiqələrinin danışdığı səbəblər bunlardır. Hadisəni prokurorluqda araşdırırlar”.

Direktor şagirdin səhhətindən də danışıb: “Ötən gün baş çəkdim. İki dəfə UZİ ediblər, daxili orqanlarında heç bir problem yoxdur. Sağ ayağı sınıb, qabırğaları zədələnib, dabanı əzilib. Bildiyim qədərilə bu gün əməliyyat olunacaq”.

loading...
Diaspora