BSU-nun sabiq şöbə müdirinin məhkəməsində Vətən müharibəsi iştirakçısı dindirilib

BSU-nun sabiq şöbə müdirinin məhkəməsində Vətən müharibəsi iştirakçısı dindirilib backend

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Report xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahidlərdən biri Xədicə Əliyevanın məhkəməyə gəlmədiyi məlum olub.

Bildirilib ki, şahid üzrlü səbəbdən məhkəməyə gələ bilmir, onun həyat yoldaşı Şirvan Tağıyev dindirilib.

O deyib ki, həyat yoldaşı ixtisasartırma üçün BSU-nə müraciət edərək D.Əliyeva ilə görüşüb.

Ş.Tağıyevin sözlərinə görə, təqsirləndirilən şəxs onun həyat yoldaşından ixtisasartırma üçün 2 500 manat pul istəyib: "Bildiridi ki, ödənişin 1 000 manatını əvvəlcədən verməliyəm. Həmin pulu verdik. Sonradan o pulun hesaba keçmədiyini öyrəndik. Hazırda həyat yoldaşım 1 000 manata görə diplom ala bilmir".

Məhkəmədə elan olunub ki, Ş.Tağıyev Azərbaycan Ordusunun giziridir və Vətən müharibəsinin iştirakçısıdır.

Hakim BSU-nun prosesdə iştirak edən nümayəndəsinə müraciət edərək hərbi qulluqçumuzun işi ilə bağlı istisna hal olaraq köməklik göstərilməsini xahiş edib.

Növbəti proses noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməllər törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Diaspora