Azərbaycanda ana övladını dayəyə verib yoxa çıxdı - Dövlət Komitəsindən açıqlama

Azərbaycanda ana övladını dayəyə verib yoxa çıxdı -  Dövlət Komitəsindən açıqlama backend

Azərbaycanda ana uşağını dayənin yanına qoyub yoxa çıxıb.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

O bildirib ki, dayə saxladığı uşağın anasının gəlmədiyini görüb onu sığınacağa gətirib:

“Dayə bildirib ki, uşağı anası ona müvəqqəti baxması üçün tapşırıb və artıq səkkiz gündür ki, nömrəsinə zəng çatmır. Hazırda uşaq sığınacaqdadır”.

M.Zeynalova qeyd edib ki, məsələ barədə artıq polisə məlumat verilib. 

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlı qızla bağlı araşdırmalara başlayıb.

Bunu "Report"un sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

Onun sözlərinə görə, azyaşlı sığınacağa yerləşdirilib və onun valideynlərinin tapılması istiqamətində aidiyyəti qurumlarla birlikdə araşdırmalar davam etdirilir.

Xatırladaq ki, bundan əvvəl də iki analoji hadisə baş verib. Belə ki, oktyabrın əvvəllərində Sumqayıtda 2 yaşlı uşaq valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verilib və sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Daha sonra Dövlət Komitəsinin araşdırmaları nəticəsində azyaşlının valideyni tapılıb. Bir neçə gün əvvəl isə küçədə aşkarlanan uşağın da anası tapılıb və uşaq özü isə müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.

Diaspora