Bakıda 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kərbalayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kərbalayevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.
Daha sonra E.Kərbalayev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.
Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.