İyulun 30-da itkin düşən Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun axtarışları davam etdirilir.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.
DİN rəsmisi bildirib ki, sözügedən şəxslərin tapılması istiqamətində Kəlbəcər rayonu ərazisində intensiv axtarış işləri həyata keçirilir: "Ehtimal olunur ki, itkin düşən şəxslər dumanlı hava şəraitində azaraq kəndlə sərhəd olan Kəlbəcər rayonu ərazisinə keçiblər. Hazırda axtarış aparılan ərazilər həddən artıq minalanmış sahələr olduğu üçün işlərin həyata keçirilməsində ləngimələr yaranır".
E. Qasımov qeyd edib ki, itkin düşmüş şəxslərin tapılması üçün aidiyyatı qurumlardan əlavə Müdafiə Nazirliyinin də əməkdaşları axtarışlara cəlb olunub.
Qeyd edək ki, İsmət Bayramov və Ülfət Rüstəmov iyulun 30-da at gətirmək adı ilə kənd ərazisindəki otlaq sahəsinə gedib və bir daha geri qayıtmayıblar.
Xatırladaq ki, Daşkəsən rayonunun Alqxançallı kəndinin yuxarı hissəsi İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanla təmas xəttində neytral zona olub.