Azərbaycanda DƏHŞƏT: Fiziki zorakılığa məruz qalan ana və övladı öldü - VİDEO

Azərbaycanda DƏHŞƏT: Fiziki zorakılığa məruz qalan ana və övladı öldü -  VİDEO backend

“Azərbaycanda gənc ananın və övladının fiziki zorakılığa məruz qalaraq ölməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırma aparılır”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq qurumun informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, cinayət işi ilə bağlı Daxili İşlər Nazirliyi və digər müvafiq qurumlarla əlaqə saxlanılıb:

“Yaxın saatlarda ətraflı məlumat veriləcək. Bir daha Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bildiririk ki, insanlara qarşı zorakılıq yolverilməzdir və bu halları qınayırıq”.

Bildirək ki, hadisə ilə bağlı Niftəliyeva Aytənin yaxınları Yenicag.az-a danışıb:

30 avqust 2021-ci il tarixində Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə həyat yoldaşı Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb. Nəticədə 1 yaş yarımlıq körpə anası ilə birgə ailəyə məxsus olan üçmərtəbəli şəxsi binanın sonuncu mərtəbəsindən yerə yıxılıb. Hadisə nəticəsində körpə yerindəcə vəfat edib. Anası Aytən Niftəliyeva İlham qızı isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Zorakılığa məruz qalan Aytən Niftəliyevanın yaxın qohumu sayta açıqlamasında bildirib ki, üç ildən artıqdır ailədaxili münaqişələr davamlı şəkildə baş verib. Belə ki, qadın bu illər ərzində dəfələrlə fiziki zorakılığa məruz qalıb:

“Aytən Niftəliyeva sırf ailəsinin dağılmaması üçün uzun müddət yaşadığı zorakılıqlara qarşı susub, dözüb. Lakin sonradan bu vəziyyətə tab gətirə bilməyib və uşağını götürərək evdən getmək istəyib. Lakin oğlanın ailəsi qızın getməyinə razı olsa da, uşağı ona verməyəcəklərini deyib. Bu zaman aralarında dava olub. Oğlan qızı döyüb. Qız qaçmaq üçün uşağı qucağına götürərək evin damına çıxıb. Dava burada da davam edib və nəticədə uşaq yerə düşüb. Sadəcə qız damdan tutduğu üçün yerə düşməyib. Yoldaşından kömək istəsə də, o, yardım etməyib. Uzun zaman damdan tutmağa tab gətirə bilməyən qızın əlləri boşalıb, yıxılıb.

Hazırda qızın vəziyyəti çox ağırdır. İki gün ciyərində daxili qanaxma olub, bağırsaqları işləmir, bədənində xeyli sayda qırıqlar var. Uşağının ölümündən xəbəri yoxdur. Nəslimizdə indiyə kimi belə bir faciə yaşanmayıb. Qohumumuz olduqca sakit bir qız idi. Üç il ərzində yaşadıqlarını heç kimə bildirməyib. Qızın atası 2-3 ay bundan öncə koronavirusdan vəfat edib. Qızın iki qardaşının olmasına baxmayaraq, yaşadığı işgəncələri onlarla bölüşməyib. Ailələr arasında davanın düşməsindən qorxub.

Hüquq-mühafizə orqanları oğlanın və anasının ifadəsini aldıqdan sonra sərbəst buraxıblar. Hazırda qızın özünə gəlməyi gözlənilir ki, polis əməkdaşları tərəfindən ifadəsi alınsın. Lakin həkimi qızın vəziyyətinin yaxşılaşmasının uzun müddət alacağını bildirib". 

Qeyd edək ki, sosial şəbəkələrdə Aytən Niftəliyevanın artıq vəfat etməsi barədə məlumat yayılıb.

Diaspora