Füzulidə minaya düşən şəxslərdən biri həlak olub

Füzulidə minaya düşən şəxslərdən biri həlak olub backend

Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə qanunsuz gedərək minaya düşən şəxslərdən biri həlak olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, hər iki şəxs minaya düşdükləri yerdən çıxarılıb: “Nuru Nuriyev həlak olub. Onun meyiti ərazidən çıxarılıb. Minaya düşən digər şəxs - Elnur Həşimov isə hər iki ayağını itirib. Polislər onu da ərazidən təhlükəsiz formada çıxarıb xəstəxanaya təhvil veriblər.

Qeyd etmək istəyirəm ki, polis və Daxili Qoşunların əməkdaşları öz həyatlarını təhlükəyə ataraq hər tərəfi minalanmış əraziyə daxil olublar”.

Qeyd edək ki, iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşüb.

Məlumata görə, Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada 30 sutka həbs olunub.

Diaspora