Türkiyədə 12 yaşlı Həmzə Dağı xilas edən azərbaycanlı həkim Sərxan Həsənov gündəmə çevrilib.
Türkiyə mətbuatı həmyerlimizin xəstəyə xərəkdə müdaxilə edərək həyatını xilas etməsini yüksək qiymətləndirib.
Sərxan Həsənov xəstəxanaya aparılarkən yolda ürəyi dayanan Həmzə Dağa xərəkdə ürək masajı edərək onu həyata qaytarıb. Əməliyyat olunduqdan sonra bir həftə reanimasiya qalan xəstə daha sonra həkimləri ilə birlikdə “yenidən doğulma”sını tort kəsməklə qeyd edib.
“Həmzə bağlarında oynayarkən yıxılıb və ürəyinə dəmir girib. Ağır vəziyyətdə xəstəxanamıza gətirildi. Biz xəstəni görəndə artıq ürəyi dayanmışdı. Vaxt itirmədən ürək masajı etdim. Onsuzda veriləcək qərar bəlli idi, önəmli olan o qərarı verib tətbiq etmək idi. Xəstənin çox vaxtı yox idi, ona görə də görüntülərdə göründüyü kimi xərəyin üzərinə çıxıb masaj etdim və xəstəni təcili əməliyyata apardıq. Çox şükür müdaxilə edə bildik, problem yaşanmadı”, - deyə həkim Sərxan Həsənov bildirib.
Həmzə Dağ və ailəsi onun həyatını xilas edən hər kəsə təşəkkürünü bildirib.