Ermənistan cəmiyyəti Qarabağ müharibəsindəki məğlubiyyətə görə inanılmaz dərəcədə sarsılıb. Burada Azərbaycanla bağlı hər şeyə həssas yanaşmağa başlayıblar. Elə təəssürat var ki, Ermənistanda böyük əksəriyyət özünü alçalmış sayır.
Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Ermənistan bazarında üzərində Azərbaycan bayrağı əksini tapmış məhsulun peyda olması böyük qalmaqal yaradıb. Sosial şəbəkələrin Ermənistan seqmentində bu məsələ ciddi müzakirə olunur. Pivə şüşəsinin üzərində Azərbaycan bayrağının olmasını şəbəkə istifadəçiləri heç cür həzm edə bilmir. Üstəlik, bir yerdə “Azerbaijan” yazılması da qəzəblə qarşılanıb.
Söhbət “Heineken” pivəsindən gedir. Niderlandın məşhur pivə şirkətinin yeni məhsulları Ermənistan bazarında həm də Azərbaycan bayrağının təsviri ilə görünüb. Amma iş orasındadır ki, şüşələrin üzərində başqa ölkələrin bayraqlarının da rəsmi var. Çünki “Heineken” futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşıdır. Müqaviləyə görə, yarışa ev sahibliyi edən bütün ölkələrin bayraqlarının təsvirləri şirkətin pivə şüşələrinin üzərində əksini tapacaq.
Ermənistanın ərzaq təhlükəsizliyi müfəttişliyi də yerli mətbuata açıqlamasında bu cavabı verib. Müfəttişlikdən bildiriblər ki, bayraq təsvirini təbii qarşılamaq lazımdır. Çünki müqavilə şərtlərinə uyğun olaraq “Heineken” məhz belə davranmalıdır.
Ermənistan mətbuatı özünəməxsus araşdırma aparıb. Məhsulların Rusiyada istehsal olunduğu yazılıb. Pivə şüşələri Ermənistana Gömrük İttifaqının qaydalarına və standartlarına cavab verərək gətirilib.
Ermənistan bazarlarında Azərbaycan məhsullarının görünməsi həmişə belə qalmaqal yaradır. Hətta bu ölkədə müharibədən sonra Türkiyə məhsullarını da qadağan etmişdilər. Rəsmi şəkildə 2021-ci il yanvarın 1-dən türk mallarının ölkəyə gətirilməsi yasaq olunub. Buna baxmayaraq, Ermənistan bazarı Türkiyə istehsalı olan məhsullarsız keçinə bilmir. Təkcə pomidor qıtlığını heç cür aradan qaldıra bilmirlər. Bunun üçün Ermənistanda İrana üz tutmuşdular. Qıtlıq hələ də hiss olunur. Buna görə də ölkəyə gizli yolla da olsa, Türkiyə malları gətirilir.
Futbol üzrə 16-cı Avropa Çempionatının oyunları 11 ölkənin stadionlarında keçirilir. Bakıya 4 görüşün təşkili həvalə olunub.