Səbail rayonunda kitab mağazasından oğurluq hadisəsi cəmiyyətdə böyük rezonansa səbəb olub.
Qazilər.az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə böyük müzakirələr aparılır. Çoxu kitab oğurlayan gənclərin görüntülərinin yayılması və biabır olması məsələsini qınayıblar.
Çoxu düşünür ki, kitab mağazası rəhbərliyi həmin şəxslərlə bağlı polisə müraciət etmək əvəzinə, həmin oğlanlara köməklik edə bilərdi.
Məsələyə aydınlıq gətirmək üçün mağaza ilə əlaqə saxladıq. Mağazadan BAKU.WS-ə bildirdilər ki, onlar polisə müraciət etməklə düzgün iş görüblər. Mağazadan baş verən hadisənin detallarını açıqladılar.
Həmin gənclərin oğurladıqları kitablar türk dilində olub. Salman Rüşdünün “Gecə yarısı çocukları” və Aligyeri Dantenin “İlahi Komediya” kitabları olub. Kitabların birinin qiyməti 26,10 AZN və 29,80 AZN olub.
Qeyd edək ki, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.
Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar.
Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. E.Süleymanlı və E.Əhmədov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.