30 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada intihara cəhdlə bağlı məlumat daxil olub.
Qazilər.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli binanın 5-ci mərtəbəsindəki yaşadığı mənzilin eyvanına çıxaraq intihar niyyətini nümayiş etdirib.
Xilasedicilər əməliyyat şəraitini qiymətləndirməklə hadisə ilə bağlı zəruri və operativ məlumatlar toplayaraq, intihara cəhd edən vətəndaşla psixoloji söhbət taktikasını müəyyən edib onunla müvafiq söhbətlər aparıblar. Bu zaman, paralel olaraq, təhlükəsizlik məqsədilə eyvanın altında – binanın həyətində təhlükəsizlik yastığı da quraşdırılıb.
Aparılan psixoloji söhbətin nəticəsi olaraq vətəndaş intihar niyyətindən daşınıb və onun bağlı saxladığı mənzilin qapısının xilasedicilər tərəfindən xüsusi vasitələrlə açılması təmin edilərək vətəndaş xilas olunub.