Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin xatirəsi anılıb

Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin xatirəsi anılıb backend

Fevralın 10-da Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin vəfatının ildönümü ilə əlaqədar doğulduğu Astara rayonunun Hamoşam kəndində xüsusi karantin rejimi qaydalarına riayət edilməklə anım tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları qəhrəmanın məzarı önünə əklillər və gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Burada igid döyüşçünün ruhuna dualar oxunub.

Anım tədbirində qeyd olunub ki, Mirzə Cəbiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ən gənc azərbaycanlı olub. O, müharibədən qayıdandan sonra dinc quruculuq illərində müxtəlif vəzifələrdə çalışıb, uzun illər doğma kəndində təsərrüfat rəhbəri kimi nümunəvi fəaliyyət göstərərək Hamoşam kəndinin inkişafında böyük əmək sərf edib.

M.Cəbiyevin ötən əsrin altmışıncı illərdə böyük çətinliklə, heç bir texnikadan istifadə olunmadan, yalnız əllə mürəkkəb dağlıq relyefə malik Hamoşam kəndinə ilk avtomobil yolu salmasını isə əsl qəhrəmanlıq kimi qiymətləndirmək olar.

Ona dəfələrlə şəhərə köçmək, böyük vəzifələrdə işləmək təklif edilsə də, heç vaxt doğma kəndindən ayrılmamış, kənd camaatının rahat yaşaması üçün o vaxt mümkün olan hər şeyi edib. Bütün sağlamlığını, mənalı həyatını doğma kəndinin inkişafına sərf edən qəhrəman eloğlumuzun elə bu kənddə torpağa tapşırılması ilə yəqin ki, bu gün ruhu da şaddır. Bütün nəsillər bilməlidir ki, ömrünü Vətəninə həsr edən, eli-obası üçün fədakarlıq göstərən insanlar heç vaxt unudulmur və unudulmayacaq.

Mirzə Cəbiyevin şərəfli ömür yolu yaşayan gənclər üçün bir nümunədir. Təsadüfi deyil ki, Hamoşam kəndinin Qarabağ müharibəsində verdiyi şəhidlərdən biri-Əliyev Çinar Mühəddin oğlu qəhrəmanın nəvəsidir.

Qeyd edək ki, Mirzə Ağamurad oğlu Cəbiyev 1925-ci ildə Astara rayonunun Hamoşam kəndində anadan olub. 1943-cü ildə Alman faşistləri ilə müharibəyə qoşulan astaralı döyüşçü, Belarusiyadan Berlinə qədər döyüş yolu keçib, böyük qəhrəmanlıqlar göstərib.

Onun ən böyük qəhrəmanlığı isə 1945-ci ilin 6 aprelində Keniqsberq şəhəri ətrafındakı döyüşlərdə olub. M.Cəbiyev komandiri olduğu bölmə ilə düşmənə güclü müqavimət göstərərək, şəhərin ən hündür qalasına qələbə bayrağını sancıb. Bu qəhrəmanlığa görə Mirzə Cəbiyev ən yüksək ada-Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Mirzə Cəbiyev 1978-ci il fevralın 10-da Bakı şəhərində xəstəxanada müalicə alarkən vəfat edib, qış ayı olduğu üçün onun nəşini rayon mərkəzindən 40 kilometr aralıda, yüksək dağlıq ərazidə yerləşən Hamoşam kəndinə aparmaq mümkün olmadığından Astara şəhərində dəfn edilib.

İllər sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Taxtanakəran-Toradi yolu asfaltlaşdırıldıqdan sonra doğmalarının xahişi ilə qəhrəmanın nəşi Hamoşam kəndinə gətirilərək torpağa tapşırılıb. Onun qəbirüstü abidəsi yüksək səviyyədə götürülərək ətrafı abadlaşdırılıb.

Mirzə Cəbiyevin adı Astara rayonunda əbədiləşdirilib. Bir vaxtlar təhsil aldığı Hamoşam kənd tam orta məktəbi qəhrəmanın adını daşıyır, Astara şəhərinin mərkəzi küçələrinin birinə Mirzə Cəbiyevin adı verilib.
Diaspora