Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub.
Qazilər.az quruma istinadən xəbər verir ki, bunlar “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur.Adları çəkilən hüquqi və fiziki şəxslərə məxsus pomidorlar Dağıstan gömrük-keçid məntəqəsində yoxlanılarkən onlarda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir.
Artıq "Rosselxoznadzor" Azərbaycanın pomidor ixracı ilə bağlı səlahiyyətli qurumuna (Qida Təhlükəsizliyi Agentliyinə) problemlə bağlı müraciət edib. Müraciətdə Rusiyanın və beynəlxalq fitosanitariya tələblərinin pozulmasının qarşısını almaq üçün tədbirlər görmək, sözügedən pomidor istehsalçılarına fitosanitar sertifikat verilməsini dayandırmaq istənilir.
Qeyd edək ki, hazırda Azərbaycanın 33 sahibkarlıq subyektinin Rusiyaya pomidor ixrac etməyə icazə verilir.