Son zamanlarda Azərbaycanda narın pərakəndə satış qiymətində nəzərəçarpacaq artım müşahidə edilməkdədir. Koronavirus pandemiyası dövründə həkimlərin nardan çox istifadənin virusa qarşı effektli olması ilə bağlı tövsiyələri nara olan tələbatı da xeyli artırıb.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov narın qiymətindəki artımı üç amillə əlaqələndirib.Onun sözlərinə görə, səbəblərdən biri də ötən il Azərbaycanda narın ümumi istehsalının aşağı olmasıdır və bunun da əsas səbəbi su qıtlığının yaşanmasıdır: “Ötən il bir çox bölgələrdə su qıtlığı oldu. Hətta elə nar təsərrüfatları oldu ki, əvvəlki illə müqayisədə üç dəfə az məhsul əldə etdilər.
Eyni zamanda, bunun nəticəsində bazarda keyfiyyətli nar az miqdardadır: "Digər tərəfdən isə pandemiya şəraitində nara olan tələbat yüksəlib. Yəni bazarda təklif azaldığı halda tələbat çoxalıb. Təbii ki, belə olan şəraitdə qiymət qalxır. Narın həddindən artıq vitamin zənginliyini nəzərə alaraq insanlar pandemiya dövründə nardan istifadəyə üstünlük verdi və tələbat artdı. Tələbat olan yerdə də qiymət artımı təbiidir”.