Bakıda kifayət qədər bahalı torpaq sahələri var. Misal üçün, bütünlükdə alqı-satqı elanlarına, internet resurslarına qoyulmasa da, bu gün şəhərin mərkəzi hissələrində təqribən bir hektarı 60-65 milyon manata təklif olunan torpaq sahələrinə rast gəlinir.
Qazilər.az bildirir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.R.Osmanlının sözlərinə görə, həmin bahalı torpaq sahələri Səbail rayonunda dənizkənarı əraziyə yaxın yerdə yerləşir və xüsusi mülkiyyətdə olan torpaq sahələridir: “Bu cür bahalı torpaq sahələrinə tələb aşağıdır, amma hektarı təqribən 3-3.5 milyon manat olan torpaq sahələrinə tələbat var və belə torpaq sahələri tapmaq çətindir. Belə torpaq sahələri çoxmənzilli bina tikintisi üçün olduqca qənaətbəxş hesab olunur və kifayət qədər likvid ərazidir. Həmin ərazidə həm mənzilə, həm də kommersiya təyinatlı obyektlərə tələbat yüksəkdir. O torpaq sahələrinin qiymətinin yüksək olması da bu səbəbdəndir”.
Ucuz torpaq sahələrinə gəlincə isə, R.Osmanlı bildirib ki, bu cür torpaq sahələrinin bir sotunun qiyməti minimum 3000-3500 manatdan başlayır və həmin torpaq sahələri daha çox şəhərkənarı ərazilərdə yerləşir.