ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) rəsmi nəşrləri olan "National Geographic" və "National Geographic Traveler" jurnallarının fotoqraf və jurnalistlərinin 18 nəfərdən ibarət nümayəndə heyətinin Azərbaycana infoturu təşkil edilib.
İnfotur Mədəniyyət və Turizm Nazirliyi və "National Geographic Azerbaijan" jurnalının birgə təşkilatçılığı ilə reallaşıb.QAZİLER.AZ xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, infoturun keçirilməsində məqsəd xarici jurnalistləri Azərbaycanın zəngin maddi-mənəvi mədəniyyəti, əsrarəngiz təbiəti ilə yaxından tanış etmək, onların ölkəmiz barədə məlumatını artırmaqdır.
Tədbirə Hindistan, İran, Koreya Respublikası, İsrail, Çin, Gürcüstan, Belarus və Rusiyadan olan iştirakçılar qatılıblar. Təşkil olunan iki infotur (6-13 iyul və 15-23 iyul) çərçivəsində iştirakçılar İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası, Mərdəkan Qalası, Atəşgah məbədi, Yanardağ və s. tarix mədəniyyət abidələrini ziyarət edəcəklər. Bununla yanaşı, iştirakçılar Şamaxı, İsmayıllı, Qəbələ, Şəki istiqamətində hərəkət edərək burada müxtəlif tarixi abidələri yaxından görmək imkanı əldə edəcəklər.
Son olaraq qonaqlar Gəncədə Xan Bağı və Cümə Məscidi ilə tanış olaraq, Mingəçevirə, daha sonra Naftalana səfər edəcəklər. İştirakçılar eyni zamanda Naftalan müalicəvi nefti ilə yerində tanış olmaq imkanı qazanacaqlar.