Neft Fondu Çin yuanı alır

Neft Fondu Çin yuanı alır backend

Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlayıb.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 mlrd. Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya alınıb və adıçəkilən qurumla dövlət və agentliklərin istiqrazlarının alqı-satqısı və saxlanılmasına dair müqavilə imzalanıb. Bu ilin 1 iyul tarixindən isə Çin yuanında ilk investisiyalara başlanılıb.

Hazırda növbəti mərhələ olaraq Çinin səhm bazarlarına investisiya yatırımlarının həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsi tərəfindən verilən “Səlahiyyətli Xarici İnstitusional İnvestorlar” adlı lisenziyanın alınması planlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında qaydalar”ına əsasən ARDNF-nin investisiya portfelinin vəsaiti Böyük Yeddilərə (ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” (“Standard and Poors”, “Fitch”) və ya “A2” (Moody`s) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.
Diaspora