Sentyabrın 4-də saat 22.00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan Mehriban Cabbarovanın bıçaqlanaraq öldürülməsi, anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğunun APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilibFaktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişlərin tanışı Valeh İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mehriban Cabbarovaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə, sonuncunun anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyənləşib.
Valeh İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.