“Azəriqaz” İstehsalat Birliyində ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” üzrə keçirilən audit yekunlaşdırılıb.
Bu barədə Qaziler.az-a İstehsalat Birliyindən bildirilib.Qeyd edilib ki, bununla əlaqədar müştərilərlə bilavasitə ünsiyyətdə olan struktur bölmələrin iştirakı ilə keçirilən görüşdə baş direktor Ruslan Əliyev bildirib ki, 2015-ci ildən Birlikdə tətbiq olunan ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartının tələbləri daim gözlənilib və bu standartın tətbiqi müştəri məmnunluğunun yüksəldilməsinə təkan verib.
Daha sonra Türk Standartları İnstitutunun Azərbaycan təmsilçiliyinin nümayəndələrinin keçirdikləri auditin nəticələrinə dair müzakirələr aparılıb və idarəetmənin daha da təkmilləşdirilməsi üçün təkliflər irəli sürülüb.
Bildirilib ki, müştərilərlə bilavasitə ünsiyyətdə olan Birliyin əməkdaşları davamlı təlimlərə cəlb edilməli, müraciətlərin məzmununa uyğun olaraq analizlər aparılmalı, müştəriyə geri dönüş imkanları artırılmalı və təkrarlanan müraciətlərin yaranma səbəbləri müzakirə edilməlidir.
Qeyd edək ki, Türk Standartları İnstitutunun keçirdiyi audit zamanı Birliyin fəaliyyətində hər hansı uyğunsuzluq aşkar edilməyib.