Bu ilin mart ayında dünyada neft qiymətlərinin aşağı düşməsi, həmçinin koronavirus pandemiyası şəraitində tətbiq olunan fərdi nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq tədbirləri bir sıra ölkələrdə pərakəndə benzin qiymətlərinin görünməmiş dərəcədə ucuzlaşmasına səbəb oldu.
Bu proseslər Azərbaycanın yanacaq bazarına da təsir etdi; idxal olunan yüksək oktanlı benzinin qiymətləri mart və may aylarında ucuzlaşdı. Lakin iyun ayının sonunda bazar konyunkturasında dəyişiklik dünya miqyasında yanacaq qiymətlərinin artmasına səbəb oldu, bu da təbii olaraq Azərbaycana idxal olunan “Premium Euro-95”in pərakəndə satış qiymətlərinə təsir etdi.Anlamaq lazımdır ki, son illərdə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) yalnız bir markalı avtomobil benzini - “AI-92” istehsal edir. Bu növ yanacağın qiymətləri Azərbaycan Nazirlər Kabineti yanında Tarif Şurasının qərarları ilə tənzimlənir və bazar tələbindən, yaxud qlobal trendlərin dəyişməsindən asılı olmayaraq, ölkənin bütün yanacaqdoldurma məntəqələrində dəyişməz olaraq qalır.
Ölkədə istehlak edilən bütün növ avtomobil yanacağının 97 faizini “AI-92” markasının təşkil etdiyini və hökumətin tarif siyasətinin iqtisadi dəstək mülahizələrinə və yanacaq balansının məharətli korrektəsinə əsaslandığını nəzərə alsaq, benzin qiymətlərinin dövlət tənzimlənməsi özünü doğruldur.
Əvvəllər BNEZ “AI-80” və “AI-93” markalı benzin istehsal edirdi. Ancaq sonradan istehsal proseslərini optimallaşdırmaq məqsədiylə onun istehsalı dayandırıldı. Altı il əvvəl hökumət yüksək oktanlı yanacaq bazarında qiymətləndirmənin liberallaşdırılmasına qərar verdi və 2014-cü il aprelin 1-dən Azərbaycana “Premium Euro-95” və “Super Euro-98” markalı benzin idxal edildi. Bu seqmentdə qiymətləndirmə bazarla diktə edilir və yanacaqdoldurma məntəqələrində pərakəndə satış qiymətləri dünyada mövcud bazar qiymətlərindən asılı olaraq vaxtaşırı dəyişir.
Bu yaxınlara qədər Azərbaycanda “95” və “98” markalı benzinin bir litrinin qiyməti müvafiq olaraq 1,5 və 1,6 manat səviyyəsində saxlanılırdı. Ancaq mart ayında dünya birjalarında neft qiymətlərinin görünməmiş şəkildə çökməsindən və avtomobil yanacağının alış qiymətlərinin kəskin azalmasından sonra Azərbaycanın idxal şirkətləri də qiymətləri aşağı saldılar. Belə ki, mart ayında “Super Avro-98”nun bir litri 1,4 manata, “Premium Euro-95”-nun qiymətləri isə iki dəfə - martın 13-də 1,2 manata, mayın 1-də 1,1 manata düşdü.
Lakin son bir ayda neft qiymətlərinin müşahidə olunan sabitləşməsi, ən əsası isə Avropa, MDB ölkələri və dünyanın bir sıra digər bölgələrində nəqliyyat vasitələrinin hərəkətinə karantin məhdudiyyətlərinin aradan qaldırılması qlobal yanacaq bazarının dinamikasına müsbət təsir göstərib. Benzin istehlakının artması birja kotirovkalarına təsirsiz ötüşməyib, müvafiq olaraq, Azərbaycana yüksək oktanlı yanacaq tədarük edən təchizatçı kontragentlərin qiymətləri artıb. Bu proseslər son günlər qonşu ölkələrdə, xüsusən Rusiyada çox açıq şəkildə özünü göstərir, hansı ki, burada “AI-95” markalı benzinin qiyməti ardıcıl üçüncü gündür birja ticarətində rekordu təzələyir. Rusiya bazarındakı qiymət səviyyəsi ölkəmiz üçün çox kritikdir, çünki yüksək oktanlı yanacağın əsas payı məhz Rusiya Federasiyasından gəlir. Belə ki, 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana gətirilən 22 min ton “Premium Euro-95” markalı benzinin 97,6 faizi Rusiyanın neft emalı zavodlarının payına düşür.
Beləliklə, bazar şəraitindəki dəyişiklik “Aİ-95” premium markalı benzinin qiymətində qaçılmaz artım yaratdı və iyulun 1-dən etibarən bu növ yanacağın litri 1,2 AZN-ə satılır. “Super Euro-98” markalı yanacağın qiymətində isə dəyişiklik olmayıb. Bununla belə, “Aİ-95” markalı benzinin pərakəndə satış qiymətlərində bir qədər artım olsa da, Azərbaycandakı pərakəndə satış tarifləri Ukrayna, Türkiyə, Şərqi və Qərbi Avropanın əksər ölkələrinə nisbətən nəzərəçarpacaq dərəcədə aşağıdır.
Yanacaq balansında yüksək oktanlı növlərin əhəmiyyətsiz payını nəzərə alaraq, idxal edilən benzinin qiymətlərinin artması, Azərbaycanda yanacağın ümumi qiymət səviyyəsinə təsir göstərməyəcək.
Bu fakt da çox önəmlidir ki, idxal edilən yüksək oktanlı benzin növləri istisnasız olaraq avtomobil sahibləri tərəfindən istifadə olunur. Öz növbəsində, ictimai nəqliyyat, taksi, marketlərə qida məhsullarını daşıyan ekspeditorların yük maşınları, kommunal xidmət və sair avtomobillər, qiyməti təxminən beş ildir ki, dəyişməz qalan və bir litri 0,9 manat təşkil edən “Aİ-92” markalı benzindən istifadə edirlər. Bu, son dərəcə vacib məqam olaraq sübut edir ki, idxal olunan yanacağın istehlak qiyməti inflyasiyaya təsir etmir.
Burada onu da qeyd etmək lazımdır ki, yanacağın qiymətində qlobal eniş olsa da, Azərbaycanın “Aİ-92” markalı benzini postsovet məkanında ən ucuzlardan biri olaraq qalır. Müqayisə üçün qeyd edək ki, 1 iyuldakı məlumatlara görə, ABŞ dolları baxımından “Aİ-92” markalı benzinin bir litrinin qiyməti Azərbaycanda 0,53 dollar, Rusiyada 0.61, Ukraynada 0.90, Gürcüstanda 0.60 dollar təşkil edir.
Azərbaycanda müəyyən növ yanacaq idxalından asılılıq isə 2024-cü ilin sonu - 2025-ci ilin əvvəlində - SOCAR-ın H.Əliyev adına BNEZ-də rekonstruksiya və modernləşdirmə işlərini tamamlamasından sonra aradan qaldırılacaq. Nəticədə emal zavodunun illik gücü səkkiz milyon tona qədər artacaq və yüksək oktanlı yanacaq ölkədə lazımi həcmdə istehsal ediləcək. (oxu.az)