Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 25 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq valideynlərindən birinin müşaiyəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb. Bu barədə QAZİLER.AZ saytı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yola salınma zamanı ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev son aylarda Nazirlik tərəfindən 115 nəfərdən çox əlilliyi olan şəxsin Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində bərpa-müalicəsinin təşkil edildiyini bildirib: “Cari ildə 75 nəfər sağlamlıq imkanları məhdud uşağın da Nobel Tibb Mərkəzində 20 günlük ixtisaslaşmış bərpa-müalicə kursu keçməsi təmin olunacaq. Onlardan 25 nəfərini artıq bu gün yola salırıq. Onlar orada 5 ulduz oteldə yerləşdiriləcək və sağlamlıq imkanları məhdudluğun kəskin formalarının aradan qaldırılmasına yönələn səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb olunacaqlar. Bu işlərə nəzarət etmək, eləcə də mərkəzin bərpa-müalicə sahəsində təcrübəsini öyrənmək üçün ƏƏSMN-dən bir nəfər həkim əməkdaşı da Türkiyəyə ezam olunur”.S.Abdullayev bildirib ki, ümumilikdə cari ildə ötən illə müqayisədə 20 faiz çox, yəni 190 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə bərpa-müalicəsinin təşkili nəzərdə tutulub. Bu da sosial cəhətdən həssas qruplarla bağlı proqramların ilbəil yüksələn xətlə davam etdirildiyini göstərir: “Nobel Tibb Mərkəzi çətin sağalan xəstəliklərin müalicəsi, o cümlədən xroniki çatışmazlıqların aradan qaldırılması üzrə böyük təcrübəyə və peşəkar həkim-reabilitoloq personalına malikdir. Burada Dənizli bölgəsinin müalicəvi təbii resurslarından geniş istifadə edilməklə və ən müasir tibb texnologiyaları tətbiqi yolu ilə hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s. növlərdə bərpa-müalicə prosedurları həyata keçirilir. Oraya göndərdiyimiz əlilliyi olan şəxslər də həm müalicələrdən, həm də xidmətlərdən razı qaldıqlarını bildirirlər”.
Şöbə müdiri respublika daxilində də sağlamlıq imkanları məhdud uşaqların bərpa-müalicəsi istiqamətində məqsədyönlü işlərin aparıldığını, təkcə ötən il ƏƏSMN-nin Bakı və Naxçıvan şəhərlərindəki Uşaq Bərpa Mərkəzlərində ümumilikdə 3500 nəfərə yaxın sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərildiyini qeyd edib.