Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı dövlətin pandemiya dövründə aztəminatlı ailələrə ayırdığı 190 manatı almaq üçün 2-3 obyekti, 49 mənzili olanların da müraciət etdiyini bildirib. Nazirlik rəsmisi qeyd edib ki, bu cür müraciətlər qəbul edilmir.
Qazilər.az bildirir ki, mövzunu Axar.az-a şərh edən iqtisadçı Qabil Toğrul maraqlı açıqlama ilə çıxış edib. O, 49 mənzilə sahib şəxsin bu müraciətinə qətiyyən haqq qazandırmadığını, ancaq həmin şəxsə 190 manatın verilməməsinin qanunvericiliyə zidd olduğunu açıqlayıb.Onun sözlərinə görə, nə “Məşğulluq haqqında” Qanunda, nə də “İşsizlikdən sığorta haqqında” Qanunda mülkiyyətində 2 və daha çox daşınmaz əmlak olan şəxsin məşğul sayılması və ya işsiz kimi qeydiyyata alınmasına məhdudiyyət qoyulması barədə müddəa var. Ekspertin fikrincə, hətta adına yüz mənzil olan da işsiz sayıla bilər, çünki belələri qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və rəsmən işsiz sayılır.
Q.Toğrul bu faktdan çıxış edərək, “işsizlik” və “aztəminatlı” məfhumlarının bir-birindən fərqləndirilməsinin və kirayə mənzil bazarına diqqət ayrılmasının vacibliyinə toxunub.
Hüquqşünas Səməd Vəkilov isə saytımıza açıqlamasında iqtisadçının fikirləri ilə razılaşmayaraq bildirib ki, çoxlu sayda mülk sahibi olanlara 190 manat yardımın verilməsi nə “Məşğulluq haqqında” Qanuna, nə Avropa Sosial Xartiyasına, nə də Azərbaycan Respublikasının Konstitusiyasına uyğundur:
“Məşğulluq haqqında” Qanun vətəndaşların işsizliyinin aradan qaldırılmasına xidmət edir. İşsizlik statusu da bütün dünyada vətəndaşın aztəminatlı və sosial cəhətdən aşağı hissəsini əhatə edir. Bütün dünyada işsiz əhaliyə kompensasiya verilir. Konstitusiyanın əsas müddəalarından biri də insanların hüquq bərabərliyi prinsipidir. Heç bir halda əmlakı olmayan, kirayədə qalan insanın işsiz kimi müraciət etməsi ilə bir neçə əmlakı olan şəxsin müraciəti eyni tutula bilməz”.
S.Vəkilov bildirib ki, insanın 50 mülkü varsa, o heç vaxt aztəminatlı ola bilməz:
“Belə şəxsləri ən azından ictimai qınaq hədəfinə çevirmək lazımdır. Qanunvericiliyin məqsədi aztəminatlı işsiz ailənin sosial vəziyyətini yaxşılaşdırmaqdır. Qanunda birbaşa məhdudiyyət olmasa da, qanunvericiliyin mahiyyəti, fəlsəfəsi aydındır. Bu baxımdan, çox sayda əmlak və mülk sahiblərinin bu kimi dövlət yardımları üçün müraciət etmələri nə əxlaqa, nə qanuna uyğundur. Hesab edirəm ki, bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi doğru addım atıb. Bundan sonra da daha diqqətli olmalı və belə şəxslərin yardım istəyinə imtina cavabı verilməlidir”.