“Neft erası azı, 30-40 il davam edəcək...” – tanınmış ekspert

“Neft erası azı, 30-40 il davam edəcək...” – tanınmış ekspert backend

Koronavirus pandemiyası dünyada neftə olan tələbatı görünməmiş səviyyədə azaldıb.

Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, içində olduğumuz aprel ayında gündəlik tələbat 29 milyon barel azalıb. Bu, pandemiyadan əvvəl 100 milyon barel təşkil edən gündəlik tələbatın az qala, 1/3-i deməkdir.

Əksər hasilatçı ölkələr satılmayan nefti yığmağa yer tapmır. Dünyanın ən böyük anbarlarına malik ABŞ-da belə, şirkətlər nefti saxlamaq üçün 2 milyon barel tutumu olan supertankerləri icarəyə götürməyə məcbur olublar.

ABŞ mətbuatının yazdığına görə, hazırda ölkə sahillərində lövbər atmış 30 belə neft dolu tanker var. Tələbatın artması tankerlərin icarə qiymətinin rekord həddə çatmasına səbəb olub. Martın əvvəllərində supertankerlərin gündəlik 50-75 min dollar təşkil edən icarə haqqı indi 300 min dollara qədər artıb.

Tələbatın azalması bazarda qiymətlərə də böyük təsir göstərib. Martın əvvəllərində 1 barelə görə 60 dollardan yuxarı olan qiymətlər indi 20 dolların altındadır. Görünən budur ki, pandemiyanın iqtisadi həyatda yaratdığı durğunluq hələ bir neçə ay da davam edəcək. Düzdür, Çinin ardınca bəzi Avropa ölkələri də sərt məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlayıblar. Lakin infeksiyanın yayılma sürəti hələ də böyük olduğundan, qlobal iqtisadiyyatda aktivliyin yaxın müddətli dövrdə yarı səviyyədə belə, bərpa olunması proqnozlaşdırılmır.

Bütün bunların fonunda dünyada neft erasının bitdiyinə dair mülahizələr səsləndirilməkdədir. Bildirilir ki, qlobal iqtisadiyyat əvvəlki inkişaf templərini hələ uzun illər bərpa edə bilməyəcək. Bu şəraitdə neftə olan tələbat da aşağı səviyyədə qalacaq, bu xammalın istehsalı maddi baxımdan əlverişli olmadığına görə kəskin azalacaq. Eyni zamanda dünya ölkələri bir daha neftdən asılı vəziyyətə düşməmək üçün alternativ enerji mənbələrini genişləndirəcəklər.

İlham Şaban: “Neft ehtiyatlarını gələcək nəsillərə saxlamaq ...

Neft sahəsi üzrə mütəxəssis, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, dünya iqtisadiyyatında neftin yeri hələ bir neçə onilliklər boyu mühüm olaraq qalacaq: “Xam neftin 70 faizi yanacaq kimi istifadə olunur. İnsanlar ondan öz hərəkətlərini təmin etmək üçün istifadə edirlərsə, neft erasının bitdiyini necə demək olar? Bunun üçün gərək onun alternativini ortaya qoyasan”.

İ.Şabanın sözlərinə görə, hətta son illərdə istifadəsi getdikcə artan elekromobillər də ikibaşlı çubuq məsələsinə bənzəyir: “Yəni onların elektriklə təmin etmək lazımdır, elektrikin 90 faizdən çoxu isə dünyada ənənəvi enerji hesabına hasil edilir. Bu baxımdan, neft erası o zaman bitmiş hesab olunacaq ki, ondan insanlar nə elektrikin istehsalında (mazut), nə də nəqliyyat vasitələrində yanacaq kimi istifadə etməsinlər, neft əsasən kimya sənayesi üçün xammal rolunda çıxış etsin. Belə bir dövr əlbəttə də gələcək, ancaq ən yaxşı halda, 30-40 il sonra”.

Bəs dünyadakı mövcud neft ehtiyatları tələbatı nə qədər müddətə təmin etməyə imkan verir?

İ.Şaban bildirir ki, BP şirkətinin hesablamalarına görə, texniki tərəqqinin inkişaf tempini nəzərə aldıqda, dünya 2050-ci ilə qədər mövcud neft ehtiyatlarının ancaq yarısından yararlana biləcək: “Yəni yarısını çıxara biləcək. Neft bir dəniz kimi yerin təkində qalmaqda davam edəcək”.

Musavat.com
Diaspora