Rusiyada Azərbaycan vətəndaşları arasında koronavirusa yoluxma halları qeydə alınıb.
Qazilər.az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Moskvadakı Azərbaycan İcmasının sədri Şamil Tağıyev məlumat verib.Onun sözlərinə görə, İcmaya indiyə kimi Moskva yaşayan iki ailə müraciət edib: "Onlar koronavirusa ailəlikcə yoluxduqlarını söyləyiblər. Hazırda Moskvada COVİD-19 virusuna yoluxmuş 10-dan çox Azərbaycan vətəndaşı var. Dünən də bir azərbaycanlı gəncin koronavirusa yoluxması haqqında məlumat daxil olub. Onun xəstəxanaya yerləşdirildiyi bildirilib", - deyə Ş.Tağıyev qeyd edib.
Diaspor sədri İcmaya müraciət edənlərə müvafiq yardımın göstərildiyini və onların Azərbaycanın Rusiyadakı Səfirliyinin qaynar xəttinə yönləndirildiyini də vurğulayıb.
Ş. Tağıyev Rusiyada indiyə kimi bir azərbaycanlının koronavirusdan öldüyünü bildirib: "COVİD-19-a virusuna yoluxmuş həmyerlimiz olan 50-60 yaşlarında qadın Moskva xəstəxanalarının birində vəfat edib. Həyatını itirən qadın əslən azərbaycanlı olan Rusiya vətəndaşıdır. O, müalicə aldığı xəstəxanada keçinib. Azərbaycanlı qadının cəsədi ailəsinə təhvil verilməyib. Bildiriblər ki, meyit karantin bitəndən sonra təhvil veriləcək".