Bakıda əməliyyat: Kimlər həbs olundu?

Bakıda əməliyyat: Kimlər həbs olundu? backend

Bir qrup şəxsin "Amrahbank" ASC-nin paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Azadlıq" filialının inzibati binasında icarəyə götürdükləri otaqda qanunsuz olaraq valyuta mübadilə əməliyyatları apardığı müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf siyasəti nəticəsində, son günlər dünya ölkələrində yayılmaqda olan koronavirus təhlükəsi ilə əlaqədar qlobal maliyyə və enerji bazarlarında baş verən dəyişikliklərə baxmayaraq ölkə həyatının bütün sahələrində makroiqtisadi və maliyyə sabitliyi etibarlı şəkildə qorunub saxlanılmaqdadır.

Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumatda deyilir.

Bildirilir ki, bununla belə, dünyada cərəyan edən məlum hadisələr fonunda ölkə əhalisi arasında yaranmış əsassız narahatlıqdan sui-istifadə edən kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıqdan istifadə edərək dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı effektiv mübarizə tədbirləri aparılmaqdadır.

Belə ki, daxil olmuş əməliyyat məlumatları əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 13 mart 2020-ci il tarixdə həyata keçirilmiş birgə operativ əməliyyat-axtarış tədbirləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən "Amrahbank" ASC-nin paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Azadlıq" filialının inzibati binasında icarəyə götürdükləri otaqda qanunsuz olaraq valyuta mübadilə əməliyyatlarının aparıldığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq filial rəhbərinin razılığı ilə qeyd edilən ünvana keçirilmiş baxış zamanı bankın kassasından kənar şəkildə qanunsuz mübadilə fəaliyyətində istifadə olunan ümumilikdə 697 min ABŞ dolları, 345 min manat, 85 min avro, 280 funt sterlinq, 10 milyon Rus rublu, 19 min Türk lirəsi, 7 min BƏƏ dirhəmi, 3 min Səudiyyə Ərəbistanı realı və digər xarici ölkə valyutası, eləcə də qara mühasibatlıqda istifadə olunmaqla dövriyyə ilə əlaqədar əlyazma qeydlərinin aparıldığı kitabça aşkar edilərək maddi sübut kimi götürülüb.

İlkin araşdırmalarla həmin bankın işçiləri olmayan Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadənin qabaqcadan əlbir olub qrup şəklində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) almadan qanunsuz olaraq valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmalarına və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı ilə əlaqədar Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadə Cinayət Məcəlləsinin 192.2.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan külli miqdarda gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həmçinin, istintaqın gedişində "Amrahbank" ASC-nin "Azadlıq" filialının əməkdaşlarının qeyd edilən qanunsuz hərəkətlərin törədilməsində iştirak edib-etməmələrinin Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisləri tərəfindən araşdırılması təmin ediləcək.

Belə qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

Eyni zamanda, bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan neqativ halların müəyyən edilərək aradan qaldırılması, bu sahədə baş verən qanun pozuntularının qarşısının alınması məqsədilə birgə zəruri qabaqlayıcı tədbirlər davam etdirilir.
Diaspora