Banklar Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən adi və güzəştli ipoteka kreditləri üzrə ilkin ödəniş nisbətini 20 faiz və 15 faizdən 50 faizədək qaldırıb.
“Bank Respublika” adi və güzəştli ipoteka üzrə faiz, “Bank Standard” QSC və “Muğanbank” adi ipoteka üzrə 40 faiz, “Xalq” Bankı ASC və "AGBank" isə 30 faiz ilkin ödəniş tələb edir. Adi ipoteka maksimal illik 8 faiz dərəcəsi ilə 25 ilədək, güzəştli ipoteka isə maksimal 4 faiz dərəcəsi ilə 30 ilədək verilir. Hər iki ipoteka üzrə kreditin maksimal məbləği 50 min manatdır. İlkin ödəniş minimum 20 faiz (adi) və 15 faiz (güzəştli) təşkil edir. İnsanların ipoteka kreditlərinin faiz dərəcələrini aşağı salmasını gözlədiyi məqamda baş verən artım nədən xəbər verir?İqtisadçı-ekspert Natiq Cəfərli Modern.az saytına deyib ki, banklar faizlərin qaldırılması ilə özlərini gözlənilən risklərdən qorumağa çalışır:
“İpoteka sahəsində faiz problemi çox önəmlidir. Nəzərə almaq lazımdır ki problem tək faizlərdə də deyil. Bu indiki şəraitdə bank sistemində devalvasiyadan sonra yaranmış göstəricilərlə bağlıdır. Qərardan sonra insanların ipoteka kreditlərinə çıxışı daha da çətinləşəcək. İpoteka krediti zamanı həddindən artıq sənədləşmə məsələləri tələb olunurdu. Nəzərə almaq lazımdır ki, ölkəmizdə iş yerləri ilə bağlı rəsmi müqavilələrin bağlanmasında problemlər var. Bir çox hallarda maaşlar da düzgün rəsmiləşdirilmir, insanlar aldıqları rəsmi maaşla ipoteka krediti əldə edə bilmirdi”.
Onun fikrincə, bu qərardan sonra kreditlərdə daha da düşüş gözləniləndir: “Onsuz da məhdud olan bazar daha da daralacaq. Düşünürəm ki, məsələ hökumət tərəfindən kompleks tədbirlər həyata keçirilməklə öz həllini tapmalıdır. Məsələn, Türkiyədə bununla bağlı “Sosial evlər” layihəsi adı altında dövlət proqramı həyata keçirilir. Həm kredit şərtləri aşağıdır, həm vergi güzəştləri tətbiq olunur və s. Azərbaycanda da buna bənzər layihələrin tətbiq edilməsinə ehtiyac var. Hökumətin birbaşa iştirakını təmin edə biləcək, yaxud güzəştlər təyin edəcək yanaşması olmalıdır”.
Natiq Cəfərli bildirib ki, evsiz ailələrin problemi daha da ağırlaşacaq: “Azərbaycanda on minlərlə gənc ailənin mənzil problemi var. Bu yanaşma belə davam edəcəksə, insanların problemi də həll olunmayacaq.
Hazırda müşahidə edilən faiz artımı bankların risklərinin sığortalanmasına xidmət edəcək. Bu şərtlərdə insanların ipoteka kreditinə müraciət edəcəyini düşünmək sadəlövhlük olar. Məncə, faiz qərarından sonra problem daha da böyüyəcək və ipoteka kreditlərinə müraciət edənlərin sayı ciddi azalacaq. Bu da öz növbəsində bankların gəlirliyinin azalmasına gətirib çıxaracaq.
Azərbaycanda işlək olan ”qohum-əqraba” təchizat sistemi var. İnsanlar əksərən banklara, faizlərə girmədən öz yaxınlarından borc vəsait götürə bilirlər. Bu səbəbdən düşünmək olar ki, ipoteka kreditinin 50 faizini ödəmək qabiliyyətində olanlar elə qalan 50 faizini də haradansa tapıb kreditə girmədən özünə ev ala bilər. Bu da ən təhlükəsiz metod sayıla bilər”.