Biləsuvar və Ağstafadan olan çağırışçılar hərbi xidmətə təntənə ilə yola salınıblar

Biləsuvar və Ağstafadan olan çağırışçılar hərbi xidmətə təntənə ilə yola salınıblar backend

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir.

Təntənə ilə keçirilən yolasalma mərasimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli strukturlarının şəxsi heyəti, rayonların icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, mədəniyyət və incəsənət adamları iştirak edirlər.

Mərasim iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Biləsuvar rayonunda keçirilən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, onlara nümunəvi xidmət etməyi və Azərbaycan əsgəri adını şərəflə daşımağı arzulayıb.
SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rizvan Sadıqov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesində qazanılan uğurlardan, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərdən danışıb.

Şəhid anası Adilə Bayramova çıxışında çağırışçılara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını tövsiyə edib.
Çağırışçılar adından çıxış edən Murad Muradlı Azərbaycan Silahlı Qüvvələri sıralarına xidmətə yollanmaları ilə fəxr etdiklərini bildirib.

Ağstafa rayonunda keçirilən mərasimdə iştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olublar.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi xidmətlərindən və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərb quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan söz açıb.

SHXÇDX-nin Ağstafa rayon şöbəsinin rəisi, mayor Nazim Çələbiyev Vətəni qorumaq kimi müqəddəs bir borcun yerinə yetirilməsində gənclərə uğurlar diləyib, onların nümunəvi hərbi xidmət keçəcəklərinə dərin inam ifadə edib.

Valideynlər adından çıxış edən Azad Hadıyev övladının hərbi xidmətə yola düşdüyünə görə qürur duyduğunu söyləyib. Silahlı Qüvvələrimizin qüdrəti ilə fəxr etdiyini deyib, bu gün xidmətə yola düşən çağırışçıların da Azərbaycan əsgəri adını uca tutacaqlarına əminliyini bildirib.

Çağırışçı Ruslan Musayev torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla müqəddəs vəzifələrini məsuliyyətlə yerinə yetirəcəklərini deyib.

“N” saylı hərbi hissənin əsgərlərinin nümunəvi çıxışları mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Hər iki tədbirdə mədəniyyət və incəsənət ustalarının iştirakı ilə bədii proqram təqdim olunub.

Sonda çağırışçı gənclər üçrəngli bayrağımıza ehtiramlarını ifadə edərək ordu sıralarına yola düşüblər.
Diaspora