Pərviz Heydərov: “Bu addım Aİ-92 və Aİ-95 markalı benzinlərin pərakəndə satış dəyərini sabit saxlamaq məqsədi daşıyır”
Gələn aydan Azərbaycan xaricdən Aİ92 markalı benzin idxalına başlayacaq. Nazirlər Kabinetinin qəbul etdiyi qərar bundan xəbər verir. Belə ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişikliyə əsasən sentyabrın 1-dən Azərbaycana idxal edilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzini 15 faiz gömrük rüsumundan azad edilib.Qərar 90 gün müddətində qüvvədə olacaq.
Nazirlər Kabineti həmçinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edib. Qərara əsasən sentyabrın 1-dən 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 ton üçün 1 manata endirilib.
Xatırladaq ki, ötən ilin oktyabrında da hökumət analoji qərar qəbul etmişdi. Həmin vaxt qərara səbəb kimi Heydər Əliyev adına neft emalı zavodundakı yenidənqurma işlərinə görə avtomobil benzini istehsalının müvəqqəti dayandırılması, bununla əlaqədar olaraq idxalın daxildə bahalaşmaya səbəb olmamasının təmin edilməsi göstərilirdi.
SOCAR-dan “İnterfaks”a verilən məlumata görə, şirkət bu ilin oktyabrından zavoddakı təmirlə əlaqədar benzin istehsalını yenidən dayandıracaq. Təmir müddətində nə qədər benzinin idxal olunacağı, şirkətdən bildirildiyinə görə, daxili tələbatdan asılı olacaq.
Qeyd edək ki, ötən il zavoddakı təmirlə bağlı istehsalın dayandığı müddətdə 80 min tona yaxın Aİ92 benzinin idxal olunması gözlənilirdi. Lakin Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, əsasən Rusiyadan olmaqla 39 min 937,5 ton tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə mühərrik benzini, 35 min 530,63 ton tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzini idxal olunub.
Rəsmi statistikaya əsasən bu ilin yanvar-iyulunda Azərbaycanda 714,1 min ton avtomobil benzini istehsal olunsa da, avqustun 1-nə bu məhsulun ehtiyatı cəmi 46 min ton təşkil edib. Ölkədə avtomobillərin sayının böyük sürətlə artması şəraitində 46 min ton çox kiçik rəqəmdir. Belə ki, Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına əsasən bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 10 788 ədəd avtomobil idxal edib. Hesabat dövründə qonşu ölkədən idxal olunan minik avtomobillərinin ümumi dəyəri 115 milyon 247,1 min dollar təşkil edib. Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı illik müqayisədə 6 039 ədəd və ya 2,27 dəfə çoxdur.
Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan 83 milyon 973,2 min dollar dəyərində 4 749 ədəd avtomobil alıb.
Bu yolla bahalaşmanın qarşısını uzun müddət almaq olmayacaq
Nazirlər Kabinetinin qərarını şərh edən iqtisadçı-ekspert Pərviz Heydərovun dediyinə görə, bu addım Aİ-92 və Aİ-95 markalı benzinlərin qiymətlərinin bahalaşmaması üçündür və adları çəkilən yanacaq növlərinin pərakəndə satış dəyərini sabit saxlamaq məqsədi daşıyır: “Belə ki, Aİ-95 markalı benzin ümumiyyətlə, kənardan gətirilirdi, yəni daxildə istehsal olunmur. Aİ-92-yə gəldikdə isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu təmirdə, başqa sözlə desəm, modernləşdirilmədə olduğundan həm faktiki istehsal dayanıb, həm də mövcud ehtiyatlar azalır. Yəni Aİ-92 üzrə də idxalsız keçinmək mümkün deyil. Və bu, getdikcə dayanıqlı hal alır. Bütün bunların fonunda isə ölkədə Aİ-92 və Aİ-95 markalı benzinlərə təbii olaraq tələb artmaqdadır. Çünki həm ölkəyə avtomobil idxalı genişlənir, həm də, ümumiyyətlə, əhalinin gəlirləri yüksəldikcə nəqliyyat vasitələrindən istifadə artır. Yəni ki, bu, elə bir tendensiyadır ki, əslində həmişə yüksələn dinamika üzrə inkişaf edir və etməlidir də... Başqa sözlə desəm, yanacağa tələbat iqtisadi artım olan bir ölkədə qarşısıalınmaz prosesdir”.
Bəs sözügedən sahədə perspektivdə bizi nə gözləyir? Ekspertin sözlərinə görə, əvvəla, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu tam gücü ilə işə düşsə belə, hər iki markada benzin həm də kənardan idxal olunacaq: “Bunu, yuxarıda qeyd etdiklərimə əsasən bazar diqtə edir. İkincisi, bu sahədə qiymətləri gömrük rüsumlarını və yaxud aksiz vergi dərəcəsini minimuma endirməklə uzun müddət sabit saxlamaq mümkün deyil. Belə ki, qiymətlərin nə vaxtsa bahalaşacağı qaçılmazdır. Üçüncüsü isə hökumətin bu sahədə ümumiyyətlə, qiymətləri idarəetmə və ya ona təsir etmə, tənzimləmə mexanizmi, fikrimcə, dəyişdirilsə yaxşıdır. Belə ki, idxal qaydalarını aşağı və yuxarıya doğru ”oynatmaqla" sözügedən sahədə bazarı keyfiyyətli şəkildə nəzarətdə saxlamaq bu gün üçün olmasa da, sabahkı gündə effektsiz xarakter daşıdığını göstərə bilər. Buna əyani misal və yaxud sübut ondan ibarətdir ki, Aİ-95 markalı benzinin qiyməti artıq xeyli müddətdir ki, sərbəst bazar qanunları ilə tənzimlənir. Amma nədən onun qiyməti bu günədək bir dəfə də olsun ucuzlaşmadı?! Yəni belə bir hala rast gəlinməyib - Aİ-95 mərhələlərlə bahalaşaraq bu gün 1,50 manata satılır. Demək, yenə də bahalaşmağa meyillidir ki, həm də Aİ-95 üzrə idxal gömrük rüsumu 90 günlük müddətinə aradan götürülür"...
Yeni zavod əvəzinə köhnənin yenidənqurulması və Neft Fondunun 2,5 milyard dolları
Onu da bildirək ki, müstəqil ekspertlər mövcud neft emalı zavodunun modernləşməsi əvəzinə Azərbaycanda yeni və müasir zavodun inşasını daha məqsədəuyğun hesab edirlər. Bu məsələ bir neçə il əvvələdək hökumətin planlarında da vardı. Lakin hansısa səbəbdən plan dəyişdi və hökumət H.Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernləşdirilməsinə qərar verdi. SOCAR Strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyevin mətbuata verdiyi məlumata görə, modernizasiya və yenidənqurma layihəsinin dəyəri təxminən 2,2 milyard dollar təşkil edir və bütünlüklə hökumət tərəfindən Azərbaycan Dövlət Neft Fondu vasitəsilə maliyyələşdirilir.
SOCAR rəsmisi layihənin dəyərinin dəyişə biləcəyini istisna etməyib: “Rekonstruksiya olunan qurğular (Paket B) üçün imzalanan müqavilələrdə qiymətlər dəyişə bilər. Bu isə qurğuların köhnə olması, istismara verilmə illərinin fərqli olması və onların çoxunun uzun illərdir istismarda olmasına görə podratçıların təyin olunmuş qiymətlə müqavilə imzalamaması ilə bağlıdır. Buna görə də layihə dəyəri ilə bağlı dəqiq rəqəmi demək olmur. Biz çalışırıq ki, qənaət edərək xərcləri azaldaq. Bu səbəbdən layihənin qeyd olunan dəyəri (2,2 milyard dollar) azala və arta bilər”.
NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub:
I mərhələ üzrə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;
II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5" keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;
Son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Euro-5" keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması.
Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 milyon tondan 7,5 milyon tona qədər çatdırılacaq, istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri “Euro-5" standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda Ai-92/95/98 benzin markalarının istehsalı təmin ediləcək.
Yeni neft emalı zavodunun inşasına isə 2035-ci ildə başlanması gözlənilir...
“Yeni Müsavat”