Fondun nazirlik ilə birgə keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fondun nazirlik ilə birgə keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb backend

Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi “Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin rəhbər vəzifəli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramının yeni uğurlu nəticələri kimi əhalinin rifahının yaxşılaşdırılması istiqamətində yeni inqilabi addımların atıldığını vurğulayıb. Nazir bildirib ki, cari ilin ötən dövründə minimum əməkhaqqının orta hesabla 40 faiz artırılması 600 min, pensiyanın minimum məbləğinin orta hesabla 40 faiz artırılması 233 min, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması 600 minədək vətəndaşı əhatə edib. Həmçinin 500 mindən çox məcburi köçkünün müavinəti 50 faiz artırılıb, 110 minədək tələbənin təqaüdlərində əhəmiyyətli artımlar edilib. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanı isə 800 mindən çox vətəndaşın problemli kreditlərinin həllinə, bununla onların sosial vəziyyətinin yaxşılaşmasına imkan verib. Bu və digər sosial əhəmiyyətə malik tədbirlər ümumilikdə 3 milyon insanın rifahına mühüm dəstək olub: "Prezident cənab İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimindəki çıxışı zamanı bu istiqamətdə aparılan işlərin davamlı xarakter daşıdığını, minimum əməkhaqqının, minimum pensiyanın artırılmasının gündəlikdə olduğunu bir daha vurğulayıb".
Nazir, həmçinin əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə idarəçilik və əhaliyə xidmətlərin innovativ həllərin tətbiqi üzərində qurulması istiqamətində köklü islahatların aparıldığını qeyd edib. O, pensiya təyinatından başlayaraq dövlət sosial xidmətlərinin proaktiv formada təşkili işlərinə başlandıldığını, bu işlərin məcrasının genişləndiyini, yaradılan DOST Agenliyinin və ilk DOST mərkəzinin ölkəmizin sosial sahədə yeni bir uğurlu təcrübəsi olduğunu, Bakı və ölkəmizin bölgələri üzrə 31 DOST mərkəzinin qurulmasının nəzərdə tutulduğunu deyib.

Sahil Babayev onu da bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün əlavə olaraq 20 milyon manat vəsaitin ayrılması nəticəsində 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox - 626 mənzilin təqdim edilməsinə səbəb olub. Nazir cari ildə bu kateqoriyadan olan 800-dək vətəndaşın dövlət hesabına mənzillə təmin olunacağını diqqətə çatdırıb.

Qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində tədbirlərlən söz açan Sahil Babayev məqsədyönlü stimullaşdırıcı tədbirlər nəticəsində cari ilin ötən dövründə əmək müqaviləsi ilə işləyənlərin sayının 91 min nəfərə yaxın artdığını deyib.
Çıxışını davam etdirən Sahil Babayev bildirib ki, bu gün nəticələri açıqlanan müsabiqə də ölkədə sosial inkişaf sahəsində əldə olunan bu irəliləyişlərin, islahatların uğurlu nəticələri barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasına xidmət edib. Ümumilikdə müvafiq fəaliyyət sahələrində aparılan islahatlar, görülən işlər barədə cəmiyyətin ətraflı məlumatlandırılmasında media ilə fəal əməkdaşlıq qurulub.

Aidiyyəti mövzularda ictimai məlumatlandırmanın genişləndirilməsi, jurnalist peşəkarlğının artırılması, maraq və əməyinin stimullaşdırılması üçün Fondla əməkdaşlıq şəraitində fərdi jurnalist yazıları müsabiqələrinin təşkili də diqqətdə saxlanılır:"Müsbət haldır ki, KİV nümayəndələri bu müsabiqələrdə fəal iştirak edirlər. Qarşıdakı dövrdə də Fondla birgə belə müsabiqələrin keçirilməsi davam etdiriləcək".

Fondun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə sayca üçüncü fərdi jurnalist yazıları müsabiqəsinin təşkilini nazirliyin fəal və məhsuldar fəaliyyəti, habelə mediaya açıq qurum olması ilə əlaqələndirib. V.Səfərli xüsusi vurğulayıb ki, nazirlik son aylarda fəaliyyətini tamamilə yeni, çevik və şəffaf mexanizmlər üzərində quraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatların, bu məqsədlə imzalanmış fərman və sərəncamların icrasında yaxından iştirak edir.

V.Səfərli qeyd edib ki, nazirliyin həyata keçirdiyi islahatların ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında medianın rolu və xidmətləri müstəsnadır. İcraçı direktor, bu baxımdan keçirilən birgə müsabiqələrin əhəmiyyətini xüsusi vurğulayıb. V.Səfərli 2019-cu il aprelin 3-dən mayın 1-dək davam edən fərdi jurnalist yazıları müsabiqəsinə 20 KİV-dən 31 yazının təqdim olunduğunu, yazıların Fondun və nazirliyin ekspertləri tərəfindən qiymətləndirildiyini bildirib. İcraçı direktor müsabiqənin yekunlarına əsasən, 6 nəfərin əsas, 5 nəfərin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev nazirliklə media arasında əməkdaşlığın genişləndirilməsinə xidmət elə belə intensiv görüşlərin və birgə yazı müsabiqələrinin əhəmiyyətindən söz açıblar.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub.
Tədbiri yekunlaşdıran nazir Sahil Babayev media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Diaspora