Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar

Azərbaycanda səfərdə olan nümayəndə heyətləri  ilk DOST mərkəzində olublar backend

Xarici qonaqlar Azərbaycanın DOST layihəsini sosial sahədə mühüm innovativ yenilik kimi yüksək dəyərləndiriblər

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün müxtəlif ölkələrdən Azərbaycanda səfərdə olan nümayəndə heyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində və ilk DOST mərkəzində olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qonaqlara Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi barədə məlumat verib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan bu Agentliyin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və sahələr üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə əsasən reallaşdırılan DOST layihəsi dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş rahatlığı prinsipinə uyğun təqdim edilməsini nəzərdə tutur.
S.Babayev qeyd edib ki, yaradılan ilk mərkəzdə 126 növdə xidmət təqdim olunacaq. 2019-25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin yaradılması planlaşdırılır. Həmin mərkəzlərin xidmətləri 2,8 milyon şəxsi əhatə edəcək. Bu mərkəzlər bilavasitə, telefon və ya internet vasitəsilə müraciətlərə uyğun səyyar və digər üsullarla xidmətlər, habelə proaktiv, məsləhət və məlumat xidmətləri də göstərəcək.

Qonaqlar “Pensiya və sosial sığorta”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Məşğulluq xidmətləri”, “Sosial müavinətlər və təqaüdlər”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” və s. xidmət bölmələrinin işi, burada çalışan sosial agentlərin, könüllülərin fəaliyyəti ilə yaxından tanış olublar. Onlar Azərbaycanın DOST layihəsini sosial sahədə mühüm innovativ yenilik, sosial xidmətlərdə vətəndaş məmnunluğuna nail olunmasında yeni uğurlu təcrübə kimi yüksək dəyərləndiriblər.
Diaspora