Ekspert: "Ümumiyyətlə, neft satışına yox, neftdən əlavə məhsul alınmasına önəm verməlidir"
Bu ilin sonuna kimi neftin qiymətinin 90-100 dollar olacağı barədə müxtəlif fikirlər səsləndirlir. Lakin neft bazarında qiymət dəyişikliyi o qədər də müşahidə olunmur və bu, real görünmür. Ancaq neft bazarına bədbin ab-hava müşahidə olunsa da, bəzi ekspertlər ilin əvvəlindən etibarən qiymətlərdə dözümlü trendin formalaşdığını düşünürlər. Buna son həftələrdə neftin qiymətində artım yaşanması yaxın vaxtlarda qiymətlərin düşməyəcəyinə və uzunmüddətli qiymət qalxmasına ümid yaradır.OPEC növbəti on ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.
Ümumiyyətlə, neftin qiymətinin ilin sonunadək 100 dollara çatmasına əsaslı səbəblər varmı və "qara qızıl"ın qiyməti necə olacaq? Qiymətlərin hər iki halda dəyişməsi Azərbaycanın neft gəlirlərini hansı təsirlərə məruz qoyacaq?
ANS PRESS-in apardığı araşdırmaya əsasən, hələlik görünən odur ki, ABŞ-da qazma qurğularının azaldılması neft hasilatını aşağı salacaq. Belə olan halda 2015-ci ilin sonuna kimi neftin bir bareli 70 dollara çatacağı gözlənilir. Dünyanın ən güclü analitikləri də bahalaşmanın davam edəcəyini təsdiqləyirlər. Neft sektoruna sərmayələri ilə məşhur olan Beynəlxalq Xüsusi Riskli İnvestisiya Fondunun ekspertləri barelin qiymətinin uzunmüddətli qalxacağını proqnoz edirlər: “Biz neft qiymətinin 100 dollar səviyyəsinə qayıtmayacağını gözləməyənlər sırasında deyilik. Qiymətlərin qısamüddətli titrəyişlərərinə baxmayaraq, ümumi şəkildə demək olar ki, gələcəkdə neft hasilatını stimullaşdırmaq üçün neftin dəyəri çox olmalıdır.”
Neft üzrə ekspert İlham Şabanın fikrincə, neftin qiymətinin 90 dollardan aşağı olması qarşıdakı illərdə Azərbaycan Neft Fonduna yığım vəd etmir, çünki büdcə transfertlərimizdən əlavə neft-qaz layihələrinə çəkiləsi xərclərimiz də kifayət qədərdir.
Onun sözlərinə görə, bu gün neftin qiyməti 65 dollar ətrafında dəyişir. Son iki ayda neftin qiymətində orta hesabla 18,2% artım müşahidə olunub. Əgər neftin qiymətindəki sabitlik və bir qədər artım tempi iyul ayında da saxlanılarsa, onda 2015-ci ilin I yarısı üçün neftin orta qiyməti 60-61 dollar olacaq.
İ.Şaban vurğulayıb ki, indi 2015-ci ilin yarısına yaxınlaşırıq və ilin I yarısının orta qiyməti 60 dollar ətrafında bərqərar olacaq. İkinci yarısı isə qeyri-müəyyəndir. Çünki İran amilinin həllindən sonra bazara çıxarılacaq yeni həcmlərə dünyanın reaksiyası, bunun tənzimlənməsi üçün zaman və ən əsası Səudiyyə Ərəbistanı-İran münasibətlərinin yoluna qoyulması şərtdir. Əgər bu məsələr rəvan gedərsə, onda Səudiyyə Ərəbistanı kvotasını azaldaraq bazarda tənzimləmə aparacaq və neft 65-70 dollar arasında “rəqs” edəcək. Yox, əgər məsələnin siyasi tərəfi gərginləşərsə, Yaxın Şərqdə “söz sahibliyi” və nüfuz uğrunda yeni mübarizəyə start verilərsə, Səudiyyə Ərəbistanı həcmləri ilə bazardan geri çəkilməzsə, İraq isə bazara daha çox neft ixracında maraqlı olarsa, onda neftin qiymətinin aşağı enməsinin yeni dalğası qaçılmaz olacaq. Bunu bir-neçə Amerika bankları da proqnozlaşdırırlar.
“Caspian Barrel”in hesablamalarına görə, istənilən halda bu il üçün neftin orta qiyməti 65 dollardan çox olmayacaq. Təbii ki, belə olan halda Neft Fondunun gəlirləri azala bilər. Bu il Neft Fonduna təqribən 8,5 milyard dollara yaxın vəsait gələ bilər. Təbii ki, xərcləmələrə müəyyən qədər qənaət olunsa, hökumətin təsdiq etdiyi büdcəyə əsasən, bu il Neft Fonduna 11,8 mlrd manat (hazırkı kursla təqribən $11,3 mlrd) gəlməlidir.
İ.Şaban deyib ki, neftin qiyməti 90-100 dollara çatsa, Azərbaycan üçün çox yaxşı olar, ona görə ki, ölkənin gəlirlərinin 86%-i xam neft satışından, 4%-i isə neft məhsullarından formalaşır. Yəni qiymətlərin hazırkı 65 dollardan birdən birə o səviyyəyə çatması illik ortalama qiymətlə götürdükdə ən azı 2 milyard əlavə gəlir deməkdir.
Bəzi ekspertlər isə Azərbaycanın neft satışına yox, neftdən əlavə məhsul alınmasına önəm verməsinin vacibliyini düşünürlər. İndi neft satışı sərfəli deyil və hasil olunan neftdən başqa ixracyönümlü məhsular istehsal edilməlidir. Belə olan halda həm yeni iş yerləri açılar, həm də xarici bazara çıxmaqla gəlir əldə etmək mümkündür. Azərbaycanda büdcənin 73 faizi neft gəlirləri hesabınadır. Bunun tədricən azaldılması üçün dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir.
Xatırladaq ki, 2015-ci ilin büdcəsində neft sektorunun payı 65,3 faiz, 34,7 faiz qeyri-neft sektoru nəzərdə tutulub.
Mənbə: ANSPRESS