Kənd təsərrüfatı məhsulları üçün kritik dövr

Kənd təsərrüfatı məhsulları üçün kritik dövr backend

Vüqar Hüseynov: “Məhsul qıtlığı yoxdur, bu dərəcədə bahalaşmada işbazların əlinin olması aydın görünür”

Hazırda kənd təsərrüfatı bazarlarında ilin ən kritik dövrü yaşanır. Belə ki, mövsümi amillərlə əlaqədar köhnə məhsul bitmək üzrədir, yeni məhsulun çıxmasına isə bir müddət var. Nübar olaraq çıxan məhsulların qiyməti isə əl yandırır. Bu dövr adətən aprel ayında özünü daha kəskin büruzə verir. Köhnə məhsul azaldığı üçün qiymətlər bahalaşır, faraş məhsul isə ilkin dövrdə az həcmdə bazara çıxdığı üçün heç də ucuz təklif edilmir.

Nəticədə alıcı kütləsi məhz bu dövrdə gündəlik tələbat məhsullarının bahalaşmasından əziyyət çəkir. Necə ki, mart ayında kartof və soğanın, eləcə də kökün, kələmin, almanın və digər meyvə-tərəvəzin qiymətində artım müşahidə olundu. Bayramla əlaqədar açılan kənd təsərrüfatı yarmarkaları bazarda bolluq yaratmaqla bir müddət qiymətlərin sabit qalması ilə nəticələnsə də, yarmarkalar yığışdırılan kimi bahalaşma özünü büruzə verdi. Bəs görəsən, təzə məhsul bazara çıxana kimi qiymətləri hansı formada tənzimləmək olar?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirdi ki, nazirliyin bazarlardakı qiymətlərə birbaşa müdaxilə imkanı yoxdur: “Sərbəst bazar iqtisadiyyatıdır, Kənd Təsərrüfatı Nazirliyi heç bir bazarda qiymətin formalaşmasında iştirak etmir. Ancaq təbii ki, bazarda müəyyən tənzimləmələr həyata keçirilir. Onlardan biri də Novruz bayramı ərəfəsində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasıdır. Mart ayının 2-dən 21-dək yarmarka təşkil edildi, son bir həftə davamlı olaraq keçirildi. Bakı şəhərinin 14 nöqtəsində və rayonlarda təşkil olundu. O zaman yarmarkalardakı qiymətlər, birinci mərhələdə bazarlardakı qiymətlərə nisbətən ucuz idi. Sonra belə iddialar səsləndi ki, qiymətlər bazarlarla eynidir. Sonrakı mərhələdə qiymətlər bazarla eyniləşdi, belə ki, bazarlarda qiymətlər ucuzlaşaraq yarmarkaların səviyyəsinə düşdü. Bazarlardakı işbazlar, fürsətçilər də qiymətləri artırmağın bir effekt verməyəcəyini gördükdən sonra məcbur qalıb yarmarkalardakı qiymətlərə uyğunlaşdırdılar. Mart ayının 21-də son yarmarka günündən sonra qiymətlərdə müəyyən artım müşahidə olundu. Bunu biz özümüz də müşahidə edirik”.

V.Hüseynovun sözlərinə görə, qiymətləri tənzimləməyin əsas yolu kənd təsərrüfatı yarmarkalarının keçirilməsidir: “İkinci mexanizm ilin sentyabr-oktyabr aylarında Kənd Təsərrüfatı Nazirliyi və iqtisadiyyat Nazirliyinin birgə müraciəti əsasında Azərbaycan hökumətinin xaricdən kartof idxalına tətbiq olunan gömrük tarifinin artırılması oldu. Çünki yerli məhsulun çıxan vaxtı idi, fermerlər aylarla əziyyət çəkib məhsul yetişdirdilər. Həmin vaxt qonşu ölkələr olan İranda, Türkiyədə, Gürcüstanda maliyyə sabitliyi pozuldu, milli valyuta ucuzlaşdı. Bu zaman Azərbaycana çox ucuz qiymətə kartof gətirilirdi. Biz ucuz məhsul gətirilməsinin əleyhinə deyilik, sadəcə, fermerlərin maraqlarını qorumaq naminə bunu etdik. Onlar məhsulu maya dəyərindən aşağı satmaq məcburiyyətində qalmışdılar. Bununla bağlı iki aylıq gömrük rüsumları artırıldı, bu ölkələrdən kartof idxal etmək sərfəli olmadı. Nəticədə yerli məhsul daha çox satıldı, fermerlərimiz qazandı. Tənzimləmələrimizdən biri də budur. Ancaq birbaşa hansısa qiyməti müəyyən etməyimiz mümkün deyil. Həmişə bayram ərəfəsində əhali kütləvi bazarlıq etdikdən sonra bayram bitən kimi spekulyantlar məhsulların qiymətini artırmağa başlayırlar. Hazırkı bahalaşma da bir müddətdən sonra sabitləşəcək”.

Vüqar Hüseynov qeyd etdi ki, faraş məhsul da ilk günlərdə baha olacaq, lakin həcm artdıqca qiymət sürətlə düşəcək: “İlk məhsula nübar da deyirlər, adətən əvvəlcə məhdud həcmdə bazara çıxır deyə baha olur. Sonradan sürətlə bazara çıxarılan təzə məhsul artır və qiymətlər sabitləşir. Bu hər il belə olur. Yeni məhsul çıxanda məhsul artacaq və qiymətlər aşağı düşəcək”.

musavat.com
Diaspora