Bu gün Bərdənin Zümürxan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə,tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fond tərəfindən bu ilin ötən dövrü ərzində 288 sahibkara 5,3 mln. manat dövlətin güzəştli kreditlərinin verildiyini bildirib. O qeyd edib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9 500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 409.1 mln. manat, o cümlədən Bərdə rayonundan olan 1 994 sahibkara 60 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına Bərdədə 4 200-dən çox yeni iş yeri yaradılıb.
Ş. Abdullayev vurğulayıb ki, ötən illər ərzində 23 550 başlıq 20 cins heyvandarlıq kompleksi, illik emal gücü 200 min ton olan 8 süd, illik emal gücü 13.2 min ton ət və 68.2 min ton ət kəsimi olan 7 istehsal və emal müəssisəsinə 128 mln. manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Bərdə və ətraf rayonlardan olan 57 sahibkara 694.5 min manat güzəştli kredit verilib. Həyata keçiriləcək layihələr 90-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.