Paytaxtda “Kənddən şəhərə!” Novruz yarmarkaları açıldı - ünvanlar və qiymətlər

Paytaxtda “Kənddən şəhərə!” Novruz yarmarkaları açıldı - ünvanlar və qiymətlər backend

Martın 16-dək şənbə-bazar, martın 16-dan isə bayrama kimi hər gün işləyəcək

Məlum olduğu kimi, martın 2-dən etibarən Novruz bayramı ilə əlaqədar Azərbaycan Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün keçiriləcək Novruz yarmarkaları açılıb.

“Kənddən şəhərə!” brendi altında təşkil olunan yarmarkalar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə, dövlət başçısının göstərişi əsasında keçirilir. Kənd təsərrüfatı naziri İnam Kərimov şəxsən bu yarmarkalara baş çəkərək, işin gedişatı ilə tanış olub, müvafiq tapşırıqlar verib.

Yarmarkanın necə təşkil olunmasını, əhalinin marağını, satışa çıxarılan məhsulların qiymət və keyfiyyətini öyrənmək üçün “Yeni Müsavat”ın müxbiri Nizami rayonu, Qara Qarayev prospekti 55/57 ünvanında təşkil olunan yarmarkaya baş çəkib.

Qeyd edək ki, Nizami Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə yarmarka yüksək səviyyədə, qapalı məkanda təşkil olunub, səliqə ilə piştaxtalar düzülüb, məhsulların üzərində qiymətlər əks olunub. Həmçinin satıcılar vahid geyim forma ilə təmin edilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bütün yarmarkalarda müvafiq nəzarəti həyata keçirirlər. Burada ət və süd məhsullarından, meyvə-tərəvəzə, quru meyvələrdən qərzəklıi məhsullara qədər hər növ kənd təsərrüfatı məhsulu tapmaq mümkündür. Yarmarkada ölkənin müxtəlif rayonlarından gətirilən 100-ə yaxın çeşiddə kənd təsərrüfatı məhsulları bazar və marketlərlə müqayisədə ucuz əhaliyə təqdim olunur.

Yarmarkanın girişində kiçik bir çadır da diqqətimizi çəkdi. Çadır milli ornamentlərlə bəzədilib, yerinə milli naxışlarla toxunmuş qədimi kilimlər sərilib, döşəkçələr qoylub. Milli geyimli xanımlar isə burada sac asıb, göy qutabı bişirir, yarmarkaya gələnlərə satırlar. Qutabın bir ədədi 50 qəpiyədir. Yarmarkanın girişində isə “Azərçay” şirkəti kiçik bir stend quraşdırıb və orada həm satıcılara, həm də yarmarkanın işçilərinə gün ərzində pulsuz çay verilir, soyuq havada işləyənlərə xidmət göstərilir.

Qiymətlərə gəlincə, Novruzun simvolu olan səmənilərdən başlayaq. Bazarda müxtəlif dizaynda səmənilər düzülüb, qiyməti isə 3 manatdan başlayır, 10 manata kimi yüksəlir. Novruz süfrəsinin simvolları olan qərzəkli qoz və fındığın 1 kiloqramının qiyməti 5 manatdır, badam 20 manat, Antep fıstığı 23 manat, şabalıd 6-7 manat, iydə və innab 6 manat, xurmanın kiloqramı 10 manat, alça qurusu və ərik qurusu keyfiyyətindən asılı olaraq 6-12 manat, kişmiş 6 manatdan başlayan qiymətlərlə satılır. Qoz ləpəsi 11 manatdan başlayır, 16 manata qədər keyfiyyətə uyğun olaraq dəyişir. Findıq ləpəsi isə 14-18 manat arasında dəyişir.

Meyvələrə gəlincə, almanın 1 kiloqramının qiyməti 50 qəpikdən başlayır, narıngi 1.80 manat, portağal 1.50 -1.80 manat , kivi 3 manat, banan 2.80 manat, armud 2 manat, nar 1.50-3 manat arasında təklif olunur. Tərəvəzlər də market və dükanlara nisbətən daha ucuzdur. Kartofun kiloqramı 60-70 qəpikdən başlayır, soğan 50 qəpiyə təklif olunur, kökün kiloqramı 30 qəpik, kələm 30 qəpik, pomidor 2-3 manat, xiyar 2.50-3 manat , boranının kiloqramı 1.20 manat, göbələyin kiloqramı isə 3.50 manatdan satışa çıxarılıb.

Yarmarkada ət satışı da həyata keçirilir. Mal ətinin kiloqramı 9.50 manat, quzu ətinin kiloqramı isə 11 manata təklif olunur. Fabrik yumurtasının 1 ədədi 12 qəpiyə, kənd yumurtası isə 20 qəpiyədir.

Süd məhsullarına gəlincə, nehrə yağının kiloqramı 11 manata, kərə yağı 12 manata, şor 3.50 manat, qaymağın 1 kiloqramı 4.50 manat, pendirlər 4- 6 manat arası qiymətlərlə satışdadır. Yarmarkada Dövlət Aqrar Ticarət Şirkəti “Kənddən Şəhərə” brendi ilə istehsal etdiyi məhsullar da satışa çıxarılıb və bu məhsullar da qiymətinə görə, müəyyən qədər ucuzdur.

Nizami rayon sakinlərinin yarmarkaya marağı da qənaətbəxş idi, insanlar gəlib qiymətlərlə tanış olur, bayram bazarlığını öncədən etməyə çalışırdılar. Həmsöhbət olduğumuz alıcılar bildirdilər ki, qiymətlər market və dükanlardan daha ucuz olsa da, “8-ci kilometr” bazarından bir o qədər fərqlənmir. Ancaq ən böyük üstünlüyü odur ki, daha yaxın və əlverişli yerdə olmasıdır.

Həmçinin bu yarmarkalar ümumi ərzaq bazarında bolluq yaradaraq bahalaşmanın da qarşısını ala bilər. Alıcılar arzu edir ki, ölkənin müxtəlif regionlarından fermerlər öz məhsullarını birbaşa yarmakalara gətirsinlər, həm qiymətlər daha ucuz başa gəlsin, həm də çeşid çox olsun.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Bu barədə agentliyin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva “Yeni Müsavat”a açıqlama verib. O, bildirib ki, bu məqsədlə Novruz bayramı münasibətilə keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarında kənd təsərrüfatı məhsullarının qida təhlükəsizliyi standartlarına uyğunluğu, təhlükəsizlik və keyfiyyət göstəriciləri Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mobil laboratoriyalarında yoxlanılacaq. Məhsullar yalnız laboratoriya yoxlamasından keçdikdən sonra satışa buraxılacaq.

Bakıda 14 ünvanda keçiriləcək yarmarkaların ünvanlarını da təqdim edirik:

- Yasamal rayonunda H.Cavid prospektində, AMEA-nın binasının qarşısındakı parkda;

- Nərimanov rayonunda F.X.Xoyski prospektindəki Qələbə meydanında (metronun Gənclik stansiyasının çıxışı);

- Nizami rayonunda iki yerdə - Qara Qarayev prospekti 55/57 ünvanının qarşısındakı “Orbita” ticarət mərkəzinin avtomobil dayanacağında və C.Naxçıvanski küçəsi 74-də 8-ci kilometr yarmarkasında;

- Səbail rayonunda iki yerdə - Seyran Məmmədov küçəsi 6 ünvanında və Nizami küçəsi 154-də “Landmark” mehmanxanasının yanında;

- Binəqədi rayonunda 7-ci mikrorayondakı Kunanbayev küçəsində;

- Xətai rayonunda Məzahir Rüstəmov küçəsinin Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsində;

- Qaradağ rayonunun Lökbatan qəsəbəsində;

- 28 May küçəsindəki Olimpiya İdman bazasının qarşısında;

- Nəsimi rayonunda Mərdanov Qardaşları küçəsi 59 ünvanında;

- Pirallahı rayonunda Pirallahı qəsəbəsindəki K.Rzayev küçəsi 14-də qeyri-yaşayış obyektində;

- Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin M.Fətəliyev küçəsi 72 ünvanında;

- Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Yeni Günəşli “V” yaşayış sahəsindəki “Günəş” ticarət mərkəzində və Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki S.Yesenin küçəsi, döngə 2 ünvanında.

Bu yarmarkalar martın 16-a kimi yalnız şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün keçiriləcək. (musavat.com)
Diaspora