Həştərxan Azərbaycanın təcrübəsini öyrənir

Həştərxan Azərbaycanın təcrübəsini öyrənir backend

Rusiya vilayətinin nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olub.

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Həştərxan vilayəti Hökumətinin sədri, vitse-qubernator Konstantin Markelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən ANS PRESS-ə bildirilib ki, Ş.Mustafayev qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu, əlaqələrin genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan-Rusiya iqtisadi əlaqələri inkişaf edir, ölkələrimizin iqtisadi və ticarət sahəsində əməkdaşlığını əks etdirən göstəricilər artır. Bununla belə, iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Azərbaycan Rusiyanın regionları, o cümlədən Həştərxan vilayəti ilə də uğurla əməkdaşlıq edir. Həştərxan vilayəti nümayəndə heyətinin ölkəmizə səfəri Rusiyanın regionları ilə əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq.

Azərbaycan və Rusiya arasında əlaqələrin genişləndirilməsi perspektivlərindən danışan nazir kənd təsərrüfatı, turizm, emal və s. sahələrdə, eləcə də Azərbaycanda yaradılan sənaye parklarında iş adamları üçün yaradılmış əlverişli imkanları qeyd edərək, əməkdaşlıq üçün potensialı diqqətə çatdırıb.

K.Markelov Azərbaycandakı davamlı inkişafı vurğulamış, Həştərxan iqtisadiyyatına dair məlumat verib, Həştərxanın kənd təsərrüfatı məhsullarının emalı və istixana komplekslərinin yaradılması sahələrində Azərbaycan təcrübəsini öyrənməkdə maraqlı olduğunu deyib.

Görüşdə iqtisadi sahədə Azərbaycan-Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.
Diaspora